Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə bu ilin yanvarın 30-da və iyunun 11-də qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 1471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 6 ton 013 kq 620,899 qram, 162 min 759 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 4745 ədəd həb, 240 paket güclü təsir maddələr, eləcə də 13 min 367çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
Bu barədə NUHÇIXAN-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 32 rayon və şəhərdə 755 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 31 kq 429,022 qram müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 131 ədəd çətənə bitkisi və 19 ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilib.
Eyni zamanda qeyd edilib ki, Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 46 min 613 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3 min 285 nəfərdən 1580 nəfərinin istifadəçi olması müəyyənləşdirilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 271, QİÇS-lə Mübarizə Mərkəzində 287, Sumqayıt Narkoloji Mərkəzində 119 nəfər) 677 xəstə müalicə alır.
