İyulun 13-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 55, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12, dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 3000 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
