Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasında "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
NUHÇIXAN xəbər verir ki, qanun layihəsi aviasiya sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi və hava məkanından istifadəyə dair qaydaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, "Aviasiya haqqında" Qanunun 56.5-ci maddəsinə dəyişiklik edilir. Dəyişikliyə uyğun olaraq, müvafiq maddəyə "habelə çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını" sözləri əlavə olunur.
Qeyd olunub ki, dəyişiklik çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və onların uçuş qaydalarının hüquqi tənzimlənməsini təmin etməyə, aviasiya təhlükəsizliyinin gücləndirilməsinə və bu sahədə normativ bazanın təkmilləşdirilməsinə xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
