Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasında Miqrasiya Məcəlləsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
NUHÇIXAN xəbər verir ki, qanun layihəsinə təklif edilən dəyişikliklərə əsasən Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum nəzərdə tutulmayacaq.
Bundan əlavə, qanun layihəsinə keçid müddəası də əlavə edilib. Keçid müddəasına əsasən, Qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaq. Həmin qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə onlar elektron qaydada tərtib ediləcək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi üçün həmin sistemə ötürüləcək, eyni zamanda, müraciət edənin elektron poçt ünvanına göndəriləcəkdir. Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq.
Nəticə etibarilə, qanun layihəsi dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına, sənəd dövriyyəsinin sadələşdirilməsinə, müraciətlərin elektron qaydada icrasının genişləndirilməsinə, inzibati prosedurların operativliyinin artırılmasına və qanunvericiliyin elektron idarəetmə prinsiplərinə uyğunlaşdırılmasına xidmət edir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
