Elə qapılar var ki, daim üzünə açıq olduğu kimi, sahibinin səmimiyyətini, xeyirxahlığını və insanlara olan sevgisini də əks etdirir. Naxçıvan Ağsaqqallar Şurasının sədri, bir zamanlar Ulu Öndər Heydər Əliyevin deputat seçkilərində etibarlı vəkili olmuş Məmməd Məmmədovun iş otağının qapısı da məhz belə qapılardandır. Bu dəfə onunla böyük həyəcan və dərin ehtiram hissi ilə həmsöhbət oldum. Söhbətimiz uzandıqca zamanın necə keçdiyini hiss etmədim. 1943-cü il sentyabrın 15-də dünyaya göz açan Məmməd müəllim ömrünün hər səhifəsini böyük məhəbbət və ləyaqətlə vərəqləyən ziyalılardandır.
Keçdiyi həyat yolundan danışarkən səsində həm qürur, həm də illərin gətirdiyi kövrəklik duyulurdu. Bir vaxtlar 12 min nəfərlik üç kəndin – Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin icra nümayəndəsi olub. Bu kəndlərdə onu daha çox “Mamed müəllim” kimi tanıyırlar. İndi təqaüddə olsa da, Naxçıvan Ağsaqqallar Şurasında ictimai əsaslarla fəaliyyətini davam etdirir.
Üç kitabın müəllifi olan Məmməd müəllim hazırda dördüncü kitabını nəşrə hazırlayır. 2011-ci ildə nəşr olunan “1001 suala 1001 cavab” kitabı həmin dövr üçün böyük maraq doğurmuşdu. O illərdə texnologiya bugünkü qədər inkişaf etməmiş, məktəblərdə əsas bilik mənbəyi kitablar idi. Min nüsxə tirajla çap olunan kitab müəllimlər və məktəblilər tərəfindən böyük maraqla qarşılanmış, oxucular onu birbaşa müəllifdən əldə etmişdilər.
Daha sonra “Dünya mütəfəkkirlərinin hikmətli kəlamları” kitabını ərsəyə gətirir. Müxtəlif dövrlərdə yaşamış mütəfəkkirlərin hikmətli fikirlərini bir topluda cəmləşdirən bu kitab da müəllifin zəhmətinin bəhrəsidir. Rus dilindən tərcümə etdiyi “Təbiət müalicə edir” kitabı isə oxucular tərəfindən maraqla qarşılanıb.
Orta məktəbi cəmi 16 yaşında əla qiymətlərlə bitirən Məmməd müəllim hələ 8 yaşından rus dilində sərbəst danışırdı. 12 yaşından isə əməyin və zəhmətin nə olduğunu anlayaraq həyatın məsuliyyətini erkən yaşlarından çiyinlərinə götürmüşdü.
Bakıya ali məktəbə qəbul imtahanı verməyə gedəndə iki “dörd”, bir “beş” qiyməti alır. Hüquq fakültəsində oxumaq arzusu olsa da, həmin dövrdə tələb olunan üçillik əmək stajı olmadığı üçün bu arzusunu reallaşdıra bilmir. Az sonra hərbi xidmətə yollanır. Yol onu Vətəndən uzaqlara – Sevastopol şəhərinə aparır.
Dördillik hərbi xidmət dövründə birillik hərbi məktəbi fərqlənmə diplomu ilə bitirir. Komandiri digər əsgərlərə onu nümunə göstərərək deyirmiş: “Utanın! Burada bir azərbaycanlı var, təkcə onun qiymətləri əladır”. Xidmətinin son ilində leytenant hərbi rütbəsi alır. Bu, gənc zabit üçün yalnız rütbə deyil, həm də zəhmətinin və bacarığının qiymətləndirilməsi idi.
Ali təhsil aldığı ilk illərdən pedaqoji fəaliyyətə başlayır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının maarif naziri Məmməd Bektaşi idi. Qapısını hər zaman insanların üzünə açıq saxlayan bu ziyalının davranışı Məmməd müəllimdə dərin iz buraxır. O da sonralar bu ənənəni davam etdirərək işlədiyi bütün vəzifələrdə iş otağının qapısını insanlara açıq saxlayır.
Nazir əvvəlcə ona:
– Ay bala, üçüncü kursu bitirməmiş səni müəllim işlədə bilmərəm, – deyir.
Lakin sənədlərinə baxdıqdan sonra fikrini dəyişir:
– Bax, az qalsın səhv edəcəkdim.
Beləliklə, Məmməd müəllim universitetin birinci kursundan dərs deməyə başlayır. Dördüncü kursu bitirəndə direktor müavini, beşinci kursu başa vuranda isə artıq məktəb direktoru idi. Həyat qarşısına nə qədər çətinlik çıxarsa da, hər sınaqdan daha da möhkəmlənərək çıxmağı bacarırdı.
1985-1987-ci illərdə Naxçıvan Müəllimlər Təkmilləşdirmə İnstitutunda İbtidai Hərbi Hazırlıq kabinetinin müdiri kimi çalışır, eyni zamanda tarix fənnini tədris edir. 1987-ci ildən 2001-ci ilədək isə həmin dövrdə Cavidabad adlanan Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edən Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışaraq uzun illər insanlara xidmət göstərir.
Müsahibimlə söhbətin ən yaddaqalan məqamları Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələr oldu. Məmməd müəllim həmin günləri böyük ehtiram və xüsusi qürur hissi ilə xatırlayırdı.
1990-cı ildə Ulu Öndər Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra ölkənin taleyi ilə bağlı məsuliyyətli bir dövr başlanmışdı. Həmin günlərdə bir çoxları məsuliyyətdən çəkinir, baş verən hadisələrə ehtiyatla yanaşırdı. Məmməd Məmmədov isə tərəddüd etmədən 340 nömrəli seçki dairəsindən Ulu Öndərin deputatlığa namizədliyinin irəli sürülməsi prosesində onun etibarlı vəkili kimi fəaliyyət göstərməyə razılıq verir.
Bu barədə danışarkən həmin günləri belə xatırlayır: “Rayona gələnlər sənədlərə baxdılar. Gördülər ki, icra nümayəndələrinin əksəriyyəti müxtəlif peşə sahibləridir, ali təhsilləri yoxdur. Bir qədər sonra mənə zəng etdilər. Dedilər ki, səni Ulu Öndərin vəkili kimi məsləhət görürük. Sən həm ali təhsillisən, həm də bu işi bacaracaqsan”.
1990-cı il sentyabrın 26-da ilk görüş baş tutur. Görüş Ulu Öndərin bacısının evində, səmimi və mehriban bir mühitdə keçirilir.
Məmməd müəllim həmin anları belə xatırlayır: “O qədər sual hazırlamışdım ki… Amma onun qarşısında əyləşəndə hazırladıqlarımın hamısını unutdum. Söhbəti, düşüncələri, hadisələrə yanaşması məni valeh etmişdi”.
İlk söhbət zamanı Ulu Öndər ondan hansı kənddən olduğunu soruşur.
– Qaraxanbəyli kəndindənəm.
Cavabı eşidən Heydər Əliyev təbəssümlə soruşur:
– Dəmir yolunun altından?
Bu həmin kənddə işlədilən köhnə bir ifadə idi.
Məmməd müəllim həmin an yaşadığı təəccübü bu gün də gizlədə bilmir.
– Düşündüm ki, bu insan bizim kəndin hər daşını, hər yolunu tanıyır. Onun yaddaşı və məlumatlılığı məni heyran etmişdi.
Məmməd Məmmədov sonralar Ulu Öndərlə müxtəlif kəndlərdə keçirilən görüşlərdə iştirak edib, onun insanlarla ünsiyyətinə, hadisələrə yanaşmasına yaxından şahidlik edib.
Bu gün də həmin görüşləri böyük ehtiramla xatırlayaraq deyir: “Onunla bir dəfə söhbət edən hər kəs anlayardı ki, qarşısında son dərəcə zəngin biliyə, güclü yaddaşa və dərin dövlət təfəkkürünə malik böyük şəxsiyyət dayanır”.
Məmməd müəllim həmin illəri ömrünün ən dəyərli xatirələri hesab edir. Çünki bu xatirələr təkcə bir insanın həyat yolunun deyil, Azərbaycan dövlətçiliyinin taleyüklü mərhələlərinin canlı yaddaşıdır.
Məmməd Məmmədovun qələmi illər ərzində “Şərq qapısı” qəzetinin səhifələrində dəfələrlə oxucularla görüşüb. Onun publisistik yazıları, araşdırmaları və tarixi mövzulara həsr olunmuş məqalələri qəzetin salnaməsində özünəməxsus yer tutur.
Uzun illər dövlətə və cəmiyyətə göstərdiyi xidmət yüksək qiymətləndirilib. 2023-cü il sentyabrın 13-də Azərbaycan Ağsaqqallar Şurası tərəfindən “Fəxri Ağsaqqal” medalı ilə təltif olunub. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanına layiq görülüb, həmçinin “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə mükafatlandırılıb. Bu təltiflər onun uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətə verilən dəyərin ifadəsidir. Ancaq Məmməd müəllimin qazandığı ən böyük mükafat, heç şübhəsiz ki, insanların ona bəslədiyi hörmət və etimaddır.
Rafiq TƏHMƏZ
"Şərq qapısı" qəzetinin jurnalisti
