Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər Naxçıvan Teleradiosunda - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat Günü ilə əlaqədar könüllü gənclərin Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC-yə ekskursiyası təşkil edilib. “Media ilə bir gün” layihəsi çərçivəsində reallaşan ekskursiyada gənclər teleradionun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iştirakçılar televiziya və radionun müxtəlif studiyaları, xəbər otaqları, montaj və texniki bölmələri ilə yaxından tanış olublar. Onlara televiziya və radio proqramlarının hazırlanması, canlı yayımın təşkili, çəkiliş və montaj prosesləri barədə ətraflı məlumat verilib.
Layihə çərçivəsində kollektivinin üzvləri və gənclər arasında görüş təşkil olunub. Görüş zamanı “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini, sədr vəzifəsini müvəqqəti icra edən İlhamə Novruzova qonaqları salamlayaraq televiziya və radionun fəaliyyəti, yayım prosesi, media sahəsində həyata keçirilən yeniliklər və peşəkar jurnalistikanın cəmiyyət üçün əhəmiyyətindən bəhs edib. O bildirib ki, belə görüşlər gənclərin media sahəsinə marağının artırılması, onların peşəkar informasiya mühitini yaxından tanımaları və gələcək fəaliyyətlərində düzgün informasiya mədəniyyətinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Nazirliyin əməkdaşı Emil Səmədov layihənin gənclərdə kütləvi informasiya vasitələrinin fəaliyyəti barədə məlumatlılığın artırılması, eyni zamanda media savadlılığının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə qurumun rəhbərliyi və kollektivi adından Naxçıvan Teleradiosunun kollektivini təbrik edib, gənclər və idman siyasətinin təbliğinə göstərilən informasiya dəstəyinə görə təşəkkürünü ifadə edib.
Sonda Naxçıvan Televiziyası və Naxçıvan Radiosu (104.1 FM) ilə bağlı gənclər tərəfindən hazırlanmış rəsm nümunəsi kollektivə hədiyyə edilib, xatirə şəkli çəkdirilib.