Qadınların maliyyə savadlılığı üzrə təlimlərə start verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən  xəbərə görə, Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimlərinin keçirilməsinə start verilib. Təlim Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Avropa İttifaqı və   BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində həyata keçirilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada qadınlara yaradılan şəraitdən danışıb. Bildirib ki, bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir. 

Hazırda muxtar respublikada 5478-i fiziki, 49-u isə hüquqi şəxs olmaqla, ümumilikdə, 5527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkar qadınlar əsasən istehsal, ictimai iaşə sahələri, sənaye materiallarının satışı və digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər. Sahibkar qadınlar muxtar respublikada həyata keçirilən geniş quruculuq tədbirlərində yaxından iştirak edir və sosial-iqtisadi inkişafa öz töhfələrini verirlər. 

Keçirilən təlim muxtar respublikanın qadın sakinlərinin maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda gəlir mənbələri qismən məhdud olan qadınların xüsusəndə sağlamlıq imkanları məhdud olan qadınların sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət edir.

Təlimlər zamanı fiziki qüsurlu və aztəminatlı ailələrdən olan qadınlar da daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz, Şərur, Ordubad, Culfa, Kəngərli, Sədərək rayonlarından və Naxçıvan şəhərindən olan 250 qadın iştirak etməklə 7 təlim keçiriləcək. Hər təlim 2 gün davam etdiriləcək və tədbir iştirakçılarına təlimlərin sonunda sertfikatlar təqdim olunacaq.

Təlimdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə və maliyyə savadlılığı təlimi ilə bağlı qadınlara məlumat verib. Vurğulanıb ki, keçiriləcək təlimlərdə 250 nəfərdən artıq qadının maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına köməklik göstəriləcək. Onlardan ən yaxşı biznes ideyasına malik 50 qadın “Öz biznesinə başla və onu təkmilləşdir” təlimlərinə dəvət olunacaq və həmçinin təlimlər Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, 4-cü (keyfiyyətli təhsil), 5-ci (gender bərabərliyi) və 8-ci (layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.

Bildirilir ki, bugünkü təlim Naxçıvan şəhər qadınları üçün təşkil olunmuş və may ayının 2-də yekunlaşacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: