“Bizim diqqətimizdə bu gün “Naxçıvan 2019 ” şahmat festivalında “C” qrupunda yarışan uşaq və yeniyetmələr daha çox dayanır. Çünki bu qrupda bizim gələcəyimiz, Azərbaycan şahmatının sabahı var”- NUHÇIXAN-ın verdiyi xəbərə görə, bu sözləri Naxçıvanda keçirilən mötəbər şahmat festivalında turnirin baş hakimi Faiq Həsənov deyib.
Baş hakim qeyd edib ki, qrupda yeniyetmə şahmatçıların sayı ilbəil artır. “Təsəvvür edin ki, Naxçıvan Şahmat Mərkəzinin iki mərtəbəsindəki zalların hamısı dolub. Yer yoxdur. İlk dəfədir ki, bu qrupda 196 idmançı iştirak edir. İndiyədək qrupda uzağı 140- 145 şahmatçı olub. Baxırıq ki, onların sayı get-gedə artır, bu nə deməkdir? O deməkdir ki, Azərbaycanda şahmat get-gedə populyarlaşır. Azərbaycan şahmatı inkişaf edir. Bu uşaqların yaxın gələcəkdə adlarını yəqin ki, ən mötəbər yarışlardan eşidəcəyik”.
Qeyd edək ki, may ayının 1-dən 10-dək Naxçıvan Şahmat Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilən beynəlxalq “Naxçıvan 2019” şahmat festivalı keçirilir. Sayca 9-cu olan Festivala dünyanın 14 ölkəsindən 350-dən artıq şahmatçı qoşulub. İlk dəfə olaraq Azərbaycan, Belarusiya, Türkiyə, Rusiya, İran, Gürcüstan, Yunanıstan, Belçika, Hindistan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Latviya respublikaları ilə yanaşı Amerika Birləşmiş Ştatlarını təmsil edən idmançı da qatılıb.