Naxçıvan Muxtar Respublikasının İqdır Ticarət Evi istifadəyə verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, aprelin 30-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov və muxtar respublikadan olan sahibkarlar Türkiyənin İqdır şəhərində səfərdə olmuş, Naxçıvan Muxtar Respublikasının İqdır Ticarət Evinin açılışında iştirak etmişlər.
Əvvəlcə nümayəndə heyəti İqdır şəhərinin mərkəzində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və Heydər Əliyev parkında ümummilli liderimiz Heydər Əliyevin abidələrini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov İqdır Vilayətinin valisi Ənvər Ünlü ilə görüşmüş, Valilik Şərəf Dəftərini imzalamışdır. Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun salamlarını çatdırmış, göstərdiyi qonaqpərvərliyə görə valiyə təşəkkürünü bildirmişdir.
Vali Ənvər Ünlü nümayəndə heyətini İqdır şəhərində görməkdən məmnunluğunu ifadə etmiş, onun da salamlarını Ali Məclis Sədrinə çatdırmağı xahiş etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının İqdır Ticarət Evinin açılışı olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfedrasiyasının idarə heyətinin sədri Vüqar Abbasov çıxış edərək iş adamları arasındakı qarşılıqlı əlaqələrdən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikasının İqdır Ticarət Evinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında, gömrük, iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir. Hazırda Naxçıvandan İstanbul, Ankara, Bursa, Antalya, İzmir və İqdır şəhərlərinə avtobus marşrutları işləyir, İstanbul-Naxçıvan-İstanbul təyyarə reysləri həyata keçirilir. Naxçıvan-Qars avtobus marşrutunun açılması, Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması, eləcə də Sədərək Gömrük Keçid Məntəqəsi üçün yeni kompleksin tikintisi əlaqələrimizin daha da genişləndirilməsinə hesablanmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasında Türkiyəyə məxsus sahibkarlıq subyektləri fəaliyyət göstərir. Muxtar respublikanın ali təhsil ocaqlarında isə 400-ə yaxın Türkiyə vətəndaşı müxtəlif ixtisaslar üzrə təhsil alırlar.
Qeyd olunmuşdur ki, 2017-ci ildə Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlərin tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı verilməsi də ikitərəfli münasibətlərin uğurlu nəticəsidir. Özəl sektorun inkişafının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri vardır. Qardaş Türkiyə ilə əlaqələrin inkişafı isə bizim üçün daha önəmlidir. Bu gün Naxçıvan Muxtar Respublikasının İqdır Ticarət Evinin istifadəyə verilməsi əlaqələrimizin inkişafına daha bir töhfə olacaq, muxtar respublika sahibkarları tərəfindən istehsal olunan məhsulların təşviqi və satışına, eyni zamanda iş adamları arasında işgüzar görüşlərin təşkilinə və ticarət sövdələşmələrinin aparılmasına da şərait yaradacaqdır. Türkiyə və Azərbaycan dünyada yeganə ölkələrdir ki, onları iqtisadi və siyasi maraqlardan daha çox soy-kök, milli və ortaq dəyərlər birləşdirir. Naxçıvan Muxtar Respublikasının İqdır Ticarət Evinin fəaliyyətə başlaması iqtisadi səmərə ilə yanaşı, həm də dostluq və qardaşlıq əlaqələrimizin nəticəsidir.
Azər Zeynalov Ticarət Evinin yaradılmasında göstərdiyi hərtərəfli dəstəyə görə İqdır Vilayətinin Valisinə hörmət və ehtiramını bildirmiş, bu işdə əməyi olanlara təşəkkür etmişdir.
İqdır vilayətinin valisi Ənvər Ünlü çıxış edərək deyib ki, son illər Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin İqdır vilayəti arasında səmərəli iqtisadi əlaqələr qurulmuşdur. Bu gün istifadəyə verilən Naxçıvan Muxtar Respublikasının İqdır Ticarət Evi də mövcud əlaqələrin daha bir nümunəsidir. Ticarət Evinin qarşılıqlı iqtisadi inkişafa öz töhfəsini verəcəyinə əminliyini ifadə edən Ənvər Ünlü bu təşəbbüsə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirmişdir.
Sonra açılışı bildirən lent kəsilmişdir.
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan Ticarət Evi məhsulların nümayişi bölməsi və iş otaqlarından ibarətdir. Burada muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən istehsal olunan məhsullar nümayiş etdirilir. Həmçinin Ticarət Evində sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsi və ticarət sövdələşmələrinin aparılması üçün də şərait yaradılmışdır.
Həmin gün İqdır Ticarət və Sənaye Odasında muxtar respublika sahibkarları ilə iqdırlı sahibkarlar arasında görüş olub. Görüşdə qarşılıqlı əlaqələrin qurulması və investissiya qoyuluşu məsələləri müzakirə olunub.