DİN: Süni intellekt proqramlarından istifadə etməklə qadınları şantaj edən şəxslər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə qadınların sosial şəbəkələrdəki fotolarını hədəf alan kibercinayətkarlarla bağlı müraciətlər daxil olub. Məlumata görə, naməlum şəxslər zərərçəkmişlərin şəkillərini süni intellekt proqramları vasitəsilə manipulyasiya edərək üzərinə nalayiq ifadələr yazıb və müxtəlif sosial platformalarda yayıblar. Şübhəli şəxslər daha sonra həmin görüntülərin silinməsi müqabilində qadınlardan hədə-qorxu ilə pul tələb ediblər.
Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar. Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, həmin şəxslər “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınlara məxsus fotoları süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz məzmunlu informasiyalar əlavə ediblər. Daha sonra saxta hesablar vasitəsilə bu görüntüləri sosial şəbəkələrdə yayımlayıb silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər. Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşılan foto və videogörüntülər müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və qanunsuz məqsədlərlə istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamaq, şübhəli mesaj və təkliflərə etibar etməmək tövsiyə olunur.