NUHÇIXAN xəbər verir ki, 15-17 aprel tarixlərində Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans (IDEC) keçirilib.
Konfransın məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır. Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan beynəlxalq konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.
Dünyanın 150-dən çox ölkəsindən 500-dək nümayəndənin qatıldığı beynəlxalq konfransın plenar iclaslarında regional işçi qrupların təqdimatları olub. Naxçıvan Muxtar Respublikasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri konfransda yüksək qiymətləndirilib və muxtar respublikaya xatirə medalı təqdim olunub.
"Şərq qapısı" qəzeti