Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisasında təhsil alan tələbələri üçün “İdeyadan başlanğıca” mövzusunda təlim keçirilib.
Təlimin məqsədi qarşılıqlı fikir mübadiləsi aparmaqla, yeni innovativ fikirlərin, yeni layihələrin üzə çıxarılmasında və bu layihələrinin gerçəkləşdirilməsində tələbələrə dəstək göstərmək və bununla bərabər müasir cəmiyyətimizə yeni biznes fikirləri aşılamaq, yeni startap layihələrinə dəstək göstərməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin aparat rəhbəri Əli Şabanov bildirib ki, təqdim ediləcək startap layihələri nazirlikdə yaradılan ekspert qrupu tərəfindən qiymətləndiriləcək. Bu zaman nəzərə alınacaq kriteriyalar haqqında nazirliyin əməkdaşları tələbələrə ətraflı məlumat verəcək.
Qeyd olunub ki, Startap layihləri ilə bağlı bundan sonra da tələbələrlə mütəmadi görüşlər təşkil ediləcək.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Qəzənfər Bayramov bildirilib ki, tələbələr nazirliyin vergi.nakhchivan.az rəsmi internet səhifəsinə daxil olmaqla, “Startap layihələrinin qəbulu üçün müraciət” bölməsindən ideya, təklif və layihələrini Vergilər Nazirliyində yaradılmış ekspert komissiyasına onlayn olaraq göndərə bilərlər.
Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin dekanı Əşrəf Ələkbərov tələbələrin əldə etdikləri nəzəri biliklərin praktika ilə uyğunlaşdırılması, həyata keçirilən istehsalat təcrübələri, irəli sürülən yeni layihələrin verdiyi səmərədən danışıb.
Tələbələr həmçinin nazirliyin müvafiq şöbələrinin və bölmələrinin fəaliyyət istiqamətləri ilə tanış olublar.