Bakı metrosu: Rəqəmsal transformasiyanı mərhələli şəkildə davam etdiririk

A- A A+

"Bakı Metropliteni" QSC rəqəmsal transformasiyanı mərhələli şəkildə davam etdirir.

NUHÇIXAN xəbər verir ki, bu barədə  səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, ötən ildən metorda rəqəmsal transformasiya sistemli şəkildə həyata keçirilir: "Hazırda 5 əsas istiqamət üzrə 20-dən çox layihə icra olunur. Bu layihələrin bir hissəsi yekunlaşıb, digərləri mərhələli şəkildə davam etdirilir. Son dövrlərdə həyata keçirilən rəqəmsal həllər əməliyyatların daha çevik idarə olunmasına, məlumatların vahid platformada toplanmasına, qərarvermənin məlumat əsaslı təşkilinə və sərnişin xidmətlərinin təkmilləşdirilməsinə yönəlib. Artıq qatarların hərəkətinin real vaxt rejimində izlənilməsi, sərnişin müraciətlərinin rəqəmsal idarə olunması və stansiyalarda növbəti qatarın gözləmə müddətinin geri sayım formatında göstərilməsi kimi həllər tətbiq edilir".

Səhmdar cəmiyyətindən qeyd edilib ki, eyni zamanda, mobil tətbiq və yenilənmiş veb platforma, sərnişin axınının və vaqonların doluluq həddinin monitorinq edilməsi, texniki proseslərin rəqəmsal idarə olunması, məlumatların mərkəzləşdirilmiş analitik platformada emalı və rəqəmsal məlumatlandırma sistemlərinin yaradılması işləri davam edir: "Bununla yanaşı, daxili iş proseslərinin avtomatlaşdırılması genişləndirilir, robotlaşdırılmış proseslər tətbiq olunur və SAP platforması əsasında idarəetmə proseslərinin rəqəmsallaşdırılması mərhələli şəkildə həyata keçirilir. Həyata keçirilən rəqəmsal həllər ilk növbədə sərnişinlərin və xidmətlərdən istifadə edən şəxslərin vaxtına qənaət etməyə, xidmətlərdən daha rahat və operativ istifadə etməyə imkan yaradır".

Vurğulanıb ki, işə qəbul portalı namizədlərin vakansiyalarla tanış olmasını və müraciətlərini tam rəqəmsallaşdırılmış qaydada təqdim etməsini sadələşdirib: "Müştəri müraciətlərinin idarə olunması sistemi isə sərnişinlərin müraciətlərinin daha operativ qəbuluna və cavablandırılmasına kömək edir. Ən mühüm məsələ metronun tarixində ilk dəfə qatarların hərəkət qrafikinin rəqəmsal həllərlə qurulmasıdır. Buna qədər qrafik mexaniki qaydada hazırlanır və bu əsasda stansiyalara və qatar maşinistlərinə çap olunmuş kağız variantında verilirdi. Cədvəllər artıq birbaşa stansiyaların mərkəzləşmə və növbətçi məntəqələrinə elektron qaydada ötürülür. Çap variantı isə ehtiyat tədbir kimi sığortalı fəaliyyəti təmin edir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: