NUHÇIXAN xəbər verir ki, muxtar respublikada ekoloji tarazlığın qorunması və təbii sərvətlərdən düzgün istifadə qaydaları ilə bağlı Ordubad rayonunun Xurs kəndində maarifləndirici tədbir keçirilib. Tədbirin bu yaşayış məntəqəsində keçirilməsində məqsəd bu günlərdə Xurs kəndi ərazisində, Saqqarsu çayında qanunsuz olaraq “Qızıl xallı” balıq ovunun edilməsidir.
Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd edib ki, rayonda ekoloji tarazlığın qorunması ilə bağlı keçirilən maarifləndirici tədbirlərə baxmayaraq, hələ də qanundankənar hallar aşkar olunur. Belə halların qarşısının alınmasında rayon hüquq mühafizə orqanları da fəaliyyətlərini artırmalı və vaxtında qabaqlayıcı tədbirlər görməlidirlər.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev bildirib ki, təbiətin inzibati tədbirlərlə qorunması ilə yanaşı, əhalinin bu sahədə maarifləndirilməsi də əsas şərtlərdəndir. Ordubad rayonunun Xurs kəndində olan hadisə və bu kimi halların qarşısının alınması məqsədilə əhali arasında təbliğat işlərinin aparılmasına diqqət daha da artırılmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov məişət tullantılarının idarə olunması, çirkab sularının ətraf ərazilərə axıdılmasının zərərləri, içməli və təsərrüfat əhəmiyyətli su mənbələrinin çirklənməsinə qarşı mübarizə aparılması barədə məlumat verib.
Ordubad Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Əli Nəbiyev və rayon prokuroru, ədliyyə müşaviri Kənan Seyidov mövzu ətrafında çıxış ediblər.
Ərhan Novruzov