Ölkə birinciliyində muxtar respublikanı təmsil edəcək komanda məlum olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında “Sərhəd” hərbi idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinin II turu keçirilib.
Yarışdan öncə bildirilib ki, muxtar respublikanın 29 məktəbindən 95 şagirdin iştirak etdiyi “Sərhəd” hərbi-idman oyunu üç mərhələdə təşkil olunub. Aprel ayından start verilən oyunlarda sərhədyanı kəndlərdəki tam orta məktəblərin şagirdləri iştirak edib və ilkin mərhələnin qalibləri növbəti tura vəsiqə qazanıblar. Oyunun keçirilməsində məqsəd gənc nəsli vətən, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artıqrmaqdır.
7 ümumtəhsil məktəbin 35 şagirdinin iştirak etdiyi oyunun II turunda komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, avtomatın sökülməsi və yığılması, maneələrin dəf olunması, maskalanma, yaralanmış sərhəd növbətçisi üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi eyni zamanda digər mərhələlərdə öz bacarıqlarını nümayiş etdiriblər. Gərgin mübarizə şəraitində keçən oyunun sonunda Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası I, Ordubad şəhər tam orta internat məktəbinin komandası II, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüblər. Qalib komandalara təşkilatçılar tərəfindən kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Eyni zamanda oyunun mərhələlərində fərqlənən digər şagirdlərə fəxri fərmanlar verilib.
Yarışın qalibi olan Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası Lənkəran Sərhəd Dəstəsinin bazasında keçiriləcək ölkə birinciliyində muxtar respublikanı təmsil edəcək.
Qeyd edək ki, “Sərhəd” hərbi idman oyunu Naxçıvan Muxtar Respublikası Təhsil və Gənclər və İdman nazirliklərinin və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının təşkilatçılığı ilə keçirilib.
Cavid Səfərli