151 illik həqiqət yolu: Milli mətbuatın şərəfli tarixi

A- A A+

Mətbuat deyəndə ilk olaraq televiziya ekranlarından bizə xəbərləri çatdıran aparıcılar, qəzet və xəbər portallarında imzasını gördüyümüz jurnalistlər, eləcə də hər gün sosial mediada izlədiyimiz analitiklər yada düşür. Onların fəaliyyəti bu gün cəmiyyətin həyatının ayrılmaz hissəsinə çevrilib. Bəs insanların məlumat almaq hüququnun təmin edilməsində mühüm rol oynayan bu peşənin əsası haradan başlayır?

Azərbaycan milli mətbuatının təməli 151 il əvvəl – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə qoyulub. O dövrdə söz və mətbuat azadlığı ciddi məhdudiyyətlərlə üzləşsə də, "Əkinçi" maarifçilik ideyalarının yayılmasına, milli şüurun formalaşmasına və ictimai fikrin inkişafına mühüm töhfə verib. Sonrakı illərdə yaranan mətbuat orqanları da bu ənənəni davam etdirərək cəmiyyətin maariflənməsində əhəmiyyətli rol oynayıblar.

Müstəqillik illərində media sahəsində həyata keçirilən islahatlar Azərbaycan mətbuatının inkişafına yeni nəfəs verib. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsü ilə qanunvericilik bazası təkmilləşdirilib, informasiya mühiti inkişaf etdirilib və jurnalistikanın müasir inkişaf mərhələsinə keçidi təmin olunub.

Heydər Əliyev jurnalist peşəsini belə qiymətləndirirdi:

"Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir."

Bu gün həmin strateji xətt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rəqəmsal medianın inkişafı, informasiya məkanının müasir tələblərə uyğunlaşdırılması, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən layihələr dövlətin media sahəsinə verdiyi önəmin bariz göstəricisidir.

151 illik inkişaf yolu keçən Azərbaycan milli mətbuatı bu gün də cəmiyyətin etibarlı informasiya mənbəyi olaraq həqiqətin keşiyində dayanır.

22 İyul – Milli Mətbuat Günü münasibətilə cəmiyyətin güzgüsü olan, həqiqəti vicdanla və məsuliyyətlə çatdıran bütün jurnalistləri təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və peşə fəaliyyətlərində nailiyyətlər arzulayıram.

Nurtac İsmayılova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: