151 ilin sönməyən işığı

A- A A+

22 iyul 1875 - 151 il əvvəl ilk Azərbaycan qəzeti “Əkinçi”nin birinci sayı buraxılır, Azərbaycan mətbuatının əsası qoyulur. Qəzetin buraxılmasına icazə almaq 7 il çəkir, ad təklifi yuxarılardan gəlir. “Əkinçi” adı ilə qəzeti əsas ideya istiqamətindən yayındırmaq istəyirdilər, amma bacarmadılar. Elə ilk nömrədən Həsən bəy qəzetin məramnaməsinin 4 hissədən - daxilliyə, əkin və ziraət xəbərləri, elm xəbərləri, tazə xəbərlərdən ibarət olacağını yazırdı. Altıncı nömrədən sonadək qəzetdə “Məktublar” bölümü də dərc edilirdi.

 Bu o zaman idi ki, “Senzura haqında qəti qanun” qəbul edilmişdi. Xalqın qəzetdən, maarifdən xəbəri yox idi. Zərdabi isə qarşısına məqsəd qoymuşdu - o qəzet buraxılacaqdı, özü də türk dilində! Bu yolda varını, yoxunu, sağlamlığını, canını, ruhunu qoydu. Ömrünün sonlarında iflicdən dili tutuldu, tutulan dili ilə sonuna qədər danışdı, qələmlə danışdı, vərəqlə danışdı. “Hər kəsi çağırıram, gəlmir, deyirəm, qanmır, göstərirəm, görmür…”Gəlməyənlər, görməyənlər, qanmayanlar zamanında Zərdabi bir işıq yandırmışdı! Elə işıq ki, şöləsi indi də düşür.

“Əkinçi”nin 56 sayı buraxıldı, 56-cı nömrədə elan verildi: “Biz naxoş olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxmağı məlum deyil”. Bu elə qəzetin sonuncu nömrəsi oldu… 56 nömrənin hər birində Zərdabi xalqı maarifləndirməyə çalışdı, cəhalətlə mübarizə apardı, qəzetdə Çar Rusiyasının qanunsuzluqlarına, zülmünə mətnaltı işarələr etdi.

 Bir dəfə “Qafqaz” qəzetində Müqəddəs Ninanı bitirən qızların siyahısını gördü Zərdabi. Siyahıda müsəlman soyadında bircə qız var idi - Hənifə Abayeva! Zərdabi getdi, tapdı o qızı və evləndi. Hənifə xanımın “Əkinçi”nin işində böyük rolu var.

 Sovet dövründə Zərdabinin ailəsi, qardaşları repressiyaya məruz qaldı. Qohumları xatirələrində yazır ki, Sibirə sürgün ediləndə uşaqlar çox kiçik idi, biri soyuqdan donub öldü, ata onu basdırmağa gedib qayıdanda digər uşaqların da öldüyünü gördü…

Belə məşəqqətli yollardan keçib Azərbaycan mətbuatı! Gərək bu mətbuatı göz bəbəyi kimi qoruyasan, qələmin müqəddəs vəzifəsini unutmayasan.

Qanlar, canlar bahasına yaranmış, başı çox bəlalar çəkmiş, düz sözün duzunu bilə-bilə yaralarına səpmiş bu mətbuatın haqqını vermək lazımdır. Vaxtilə bir sətiri çap etdirmək üçün aylar, illər, bəzən on illər gözləmək lazım gəlirdi, indi bir yazımıza 10 dəqiqə gec baxılanda darıxırıq. İndi meydan böyükdür, indi maneə yoxdur. İndi Azərbaycan jurnalisti senzura ilə deyil, yalnızca öz vicdanı ilə hesablaşır. İndi jurnalistika sadəcə qəzetlərdə, jurnallarda yox, həm də hər kəsin yanından ayırmadığı mobil telefonlardadır. 

 

 Jurnalistika bir xalqın gücü, düşmənin isə ən böyük qorxusudur. Təsadüfi deyil ki, 20 yanvar faciəsində Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladıldı, xalq günlərlə informasiya blokadasında qaldı. Çünki həqiqəti susdurmağın ən asan yolu səsi kəsməkdir. Sözün qarşısında qorxu hiss edənlər ilk növbədə qələmi, kameranı və mikrofonu hədəfə alırlar. Çünki informasiya yaddaşdır, müqavimətdir, milli iradənin və azad düşüncənin daşıyıcısıdır. 

 Biz II Qarabağ müharibəsində böyük Zəfərimizi təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də qazandıq. Azərbaycan xalqı bir yumruq kimi birləşərək vətəndaş jurnalistikasının fəal iştirakçısına çevrildi, həqiqətləri dünyanın dörd bir yanına çatdırdı.

Ali Baş Komandanın xarici media nümayəndələrinin qərəzli və təxribat xarakterli suallarına faktlara, beynəlxalq hüquqa və tarixi həqiqətlərə söykənən qətiyyətli cavabları informasiya savaşının ən parlaq nümunələrindən biri oldu. O günlərdə hər doğru xəbər, hər görüntü və hər paylaşım Azərbaycanın haqq səsinin dünyaya çatmasına, dezinformasiyanın ifşasına və tarixi ədalətin bərpasına xidmət etdi.

 Məmməd Səid Ordubadi bizə çox böyük verib mesaj verib getdi - bir ölkəni sadəcə qılıncla qorumaq olmaz. Bir əlində qılınc varsa, o biri əlində qələm olmalıdır, və ya birinin əlində qılınc varsa, o birinin əlində qələm olmalıdır… Qələm qılıncın dayağıdır - böyük Zəfərimiz bunun əyani sübutu oldu.

 

Hə, Zərdabi baba… Onda sadəcə “Əkinçi” vardı, ulu babalarımız sadəcə “Əkinçi”nin doğruluğuna inanırdılar. İndi çox şey var, minlərlə, milyonlarla informasiya mənbəyi… Nəyə inanacağımızı bilmək - müasir jurnalistikanın əsas məsələlərindən biri də budur. Biz yüzlərlə informasiya mənbəyi arasında sənin işığından zərrələr axtarırıq. Tapanda sevinirik, Zərdabi baba… İstəyirik ki, o işıq insanlarımızın ürəyindən, beynindən, ruhundan süzülüb gəlsin. Texnologiya nə qədər inkişaf edir, etsin, süniliklər nə qədər artırsa, atsın, mən hər zaman Ömər Faiq Nemanzadənin bu fikrinə inanacağam:: “İŞIĞIMIZ SÖNMƏYƏCƏK!”

 

GÜLAY TAHİRLİ

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: