22 iyul Azərbaycan milli mətbuatının yaranması günü kimi tariximizdə xüsusi yer tutur. Məhz bu tarixdə – 1875-ci ildə böyük maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti xalqımızın milli oyanışının, maariflənmə hərəkatının və azad söz ənənəsinin əsasını qoydu. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” milli özünüdərkin formalaşmasında, ictimai fikrin inkişafında və gələcək jurnalist nəslinin yetişməsində əvəzsiz rol oynadı. “Əkinçi”dən sonra “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” kimi qəzet və jurnallar Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ yaratdı. Bu nəşrlər yalnız xəbərlərin yayılması ilə kifayətlənməyərək, xalqın maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və istiqlal ideyalarının yayılmasına xidmət etdilər.
Müstəqillik illərində Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoydu. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Medianın fəaliyyətini məhdudlaşdıran maneələr aradan qaldırıldı, mütərəqqi qanunvericilik bazası formalaşdırıldı, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafında rolunun artırılması məqsədilə ardıcıl tədbirlər görüldü. Bu siyasətin ən mühüm nəticələrindən biri 1998-ci ilin avqustunda dövlət senzurasının tamamilə ləğv edilməsi oldu. Bu qərar Azərbaycanda azad mətbuatın formalaşması üçün dönüş nöqtəsinə çevrildi və ölkədə plüralizmin, açıq informasiya mühitinin inkişafına geniş imkanlar yaratdı.
Bu gün Prezident İlham Əliyev tərəfindən media siyasəti müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul edilib, media sektorunun institusional inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib. 2021-ci il 12 yanvar tarixli Fərmanla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb. Agentlik çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə dayanıqlığının artırılması, jurnalistlərin peşəkarlığının yüksəldilməsi və innovativ layihələrin dəstəklənməsi istiqamətində səmərəli fəaliyyət göstərir.
Həmin ilin sonunda qəbul olunan “Media haqqında” Qanun isə media fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirdi. Qanun informasiya təhlükəsizliyinin təmin edilməsi, yerli medianın rəqabət qabiliyyətinin artırılması və jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət tərəfindən jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzində saxlanılır. KİV-lərə maliyyə yardımları göstərilir, jurnalistlər fəxri adlar və mükafatlarla təltif olunur, güzəştli ipoteka imkanları yaradılır. 2023-cü ildən etibarən media subyektlərinin gəlirlərinə və reklam fəaliyyətinə tətbiq olunan vergi güzəştləri isə milli medianın iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan milli mətbuatının yubileyləri də dövlət səviyyəsində geniş qeyd olunur. 125, 130, 135, 140, 145 və 150 illik yubileylərlə bağlı Prezident sərəncamları imzalanmış, jurnalistikamızın keçdiyi yol yüksək qiymətləndirilmişdir. 2025-ci ildə milli mətbuatın 150 illiyi münasibətilə yubiley medalının təsis edilməsi bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
Son illər Şuşada keçirilən Qlobal Media Forumları Azərbaycan mediasının beynəlxalq nüfuzunun artdığını göstərir. “Yeni media”, “dezinformasiyaya qarşı mübarizə”, “süni intellekt dövründə media dayanıqlılığı” kimi mövzular ətrafında keçirilən müzakirələr ölkəmizin qlobal informasiya məkanında fəal iştirakını nümayiş etdirir. Bu gün Azərbaycan mediası təkcə ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da öz mövqeyini möhkəmləndirir. Rəqəmsallaşma, sosial media platformalarının genişlənməsi və süni intellekt texnologiyalarının tətbiqi medianın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Eyni zamanda, dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması və milli informasiya resurslarının gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır. Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri böyük peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək informasiya cəbhəsində mühüm missiya yerinə yetirdilər. Onlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, düşmən təbliğatının ifşasında və cəmiyyətin səfərbər olunmasında əhəmiyyətli rol oynadılar.
Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan mediası özünün zəngin ənənələrinə sadiq qalaraq, dövlətçilik maraqlarını hər zaman uca tutacaq, cəmiyyətin düzgün və operativ məlumatlandırılması naminə fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir.
Təhminə Babayeva
Naxçıvan MR Ali Məclisinin deputatı,
əməkdar jurnalist
