Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edən tarixi hadisələrdən biri 1990-cı il iyulun 22-də Ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışıdır. Bu qayıdış təkcə görkəmli dövlət xadiminin doğma yurduna dönüşü deyildi. Bu, xalqın ümidlərinin yenidən dirçəldiyi, milli dövlətçilik ideyalarının möhkəmləndiyi və Azərbaycanın gələcək müstəqilliyinə aparan yolun əsasının qoyulduğu mühüm siyasi hadisə idi.
XX əsrin sonlarında Azərbaycan ağır sınaqlarla üz-üzə qalmışdı. Sovet İttifaqının süqutu ərəfəsində respublikada siyasi qeyri-sabitlik hökm sürür, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü nəticəsində torpaqlarımız işğala məruz qalırdı. 1990-cı il 20 Yanvar faciəsi isə sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı cinayət kimi tarixə həkk olundu. Belə mürəkkəb və taleyüklü bir dövrdə Ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gedərək çıxış etməsi 20 Yanvar faciəsini qətiyyətlə pisləməsi, sovet rəhbərliyini açıq şəkildə ittiham etməsi və Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırması onun dövlətçilik təfəkkürünün, siyasi cəsarətinin və xalqına sonsuz bağlılığının bariz ifadəsi idi.
Bu hadisədən sonra öz doğma Vətəninə qayıdaraq xalqının taleyüklü problemlərinin həllində bilavasitə iştirak etməyi qarşısına məqsəd qoyan Ulu öndər Heydər Əliyev, Moskvada qalmanın artıq heç bir əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq, 1990-cı il iyulun 22-də Naxçıvana qayıtdı.
22 iyul 1990 -cı il bəlkə də salnaməmizə yazılan ən şanslı tarixlərdən biridir. 20 iyul tarixində Moskvadan Bakıya qayıdan böyük dövlət xadimi Heydər Əliyevin xalq arasındakı şəxsi nüfuzundan qorxan Kremlin ölkəmizdəki nökərləri təşvişə düşdülər. Müxtəlif yollarla onu paytaxtdan uzaqlaşdırmaq istəyənlər hətta fiziki təsirlərə əl atılacağını belə gizlətmirdilər. Sovetlər dövründə birinci katib kimi qurub-yaratdığı respublikanın mərkəzində belə yaşamağa imkan verilmədiyi üçün məcbur qalıb 22 iyul tarixində ata ocağına – Naxçıvana qayıdan Ulu Öndəri həmyerliləri doğma övladı kimi qarşıladılar. Ölkənin çətin bir dövründə Ulu Öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına məhz Naxçıvandan başladı.
Naxçıvana gəldikdən 2 ay sonra – 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə xalqın böyük etimadını qazanan Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi. Xalqın bu seçimi Azərbaycanın gələcək taleyində mühüm rol oynayacaq siyasi liderə olan inamın təzahürü idi.
1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin tarixi sessiyası müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması baxımından dönüş nöqtəsinə çevrildi. Sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və bu bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq olunması barədə Ali Sovet qarşısında məsələ qaldırıldı. Bununla yanaşı, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Bu qərarlar milli dövlətçilik ideyalarının bərpası istiqamətində atılmış cəsarətli və tarixi addımlar idi.
Həmin dövrdə Naxçıvan ağır blokada şəraitində yaşayır, Ermənistan tərəfindən davamlı hərbi təhdidlərlə üzləşirdi. Son dərəcə çətin siyasi və iqtisadi vəziyyətə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində muxtar respublikada sabitlik qorundu, idarəetmə sistemi təkmilləşdirildi, əhalinin təhlükəsizliyi təmin olundu və Naxçıvan Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında etibarlı siyasi dayaq rolunu oynadı.
Tarixi proseslər sübut etdi ki, 1990-cı il iyulun 22-də başlanan yeni mərhələ sonradan müstəqil Azərbaycanın qurulmasına və inkişafına aparan yolun əsasını təşkil etdi. Məhz Naxçıvanda həyata keçirilən dövlətçilik siyasəti sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bütün ölkə miqyasında uğurla davam etdirildi, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməli möhkəmləndirildi.
Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla davam etdirilir. Son illər ərzində ölkəmiz iqtisadi inkişaf, güclü ordu quruculuğu, beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və regional liderlik sahəsində mühüm nailiyyətlər qazanmışdır. Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, ölkəmiz qlobal əhəmiyyətli təşəbbüslərin fəal iştirakçısına çevrilmişdir.
Bu uğurların ən möhtəşəm təzahürü isə 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbə oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı 30 ilə yaxın davam edən işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrini döyüş meydanında təmin etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və xalqımızın milli birliyi bu Zəfərin əsas dayağı oldu.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bununla da ölkəmizin konstitusiya quruluşu bütün ərazilərdə bərpa olundu və müstəqil dövlətçiliyimizin növbəti tarixi mərhələsi başlandı.
Hazırda Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda misli görünməmiş bərpa-quruculuq işləri aparılır. Müasir şəhərlər və kəndlər salınır, yollar, tunellər, hava limanları, elektrik stansiyaları və sosial obyektlər inşa edilir. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin olunur.
22 iyul tarixindən bəhs edərkən biz yalnız Ulu öndərin təkcə Naxçıvana qayıdışını deyil, həm də müasir Azərbaycanın inkişaf yolunun başlanğıcını ehtiramla xatırlayırıq. Həmin tarixi qayıdış milli dövlətçilik ideyasını yenidən dirçəldərək ölkəmizin müstəqilliyinə, güclü dövlət quruculuğuna və tarixi Zəfərə aparan yolun əsasını qoydu. Məhz bu siyasi xəttin ardıcıl davamı nəticəsində Azərbaycan bu gün regionun söz sahibi olan, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, qalib və qüdrətli dövlət kimi inamla inkişaf edir.
Asəf ORUCOV
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisin deputatı
