3 may Beynəlxalq Mətbuat və Söz Azadlığı Günüdür
Naxçıvanda mətbuat və söz azadlığı ümumi inkişafın tərkib hissəsidir
1993-cü il dekabrın 20-də BMT Baş Assambleyasının qərarı ilə hər il mayın 3-ü “Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü” elan olunub.
Azərbaycanda söz, fikir və mətbuat azadlığına ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində nail olunub. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Ümummilli liderin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzura ləğv edilmiş, mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilmişdir. Dahi şəxsiyyətin əsasını qoyduğu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır.
Bu gün muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı mətbuatın inkişafına öz töhfəsini vermişdir. Sərəncamdan sonra muxtar respublikanın bütün mətbuat orqanlarının normal fəaliyyəti üçün əlverişli şərait yaradılmış, onların maddi-texniki bazası daha da gücləndirilmişdir. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriyyəliyi təmin edilmişdir.
2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması qəzetlərin günün tələblərinə uyğun nəşrinə şərait yaratmışdır. Muxtar respublikada bütün qəzet və jurnallar bu gün yüksək poliqrafik keyfiyyətlə nəşr olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mətbuat işçiləri ilə keçirdiyi görüşlər, onların problemləri ilə maraqlanması, sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı konkret addımların atılması, dəyərli məsləhətlər verməsi jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda 2017-ci il yanvarın 28-də keçirilən müşavirə mətbuatı yeni mərhələdə inkişafa, jurnalistləri ölkəmizin maraqlarına xidmət edən materiallar hazırlamağa, internetin imkanlarından yararlanaraq geniş təbliğat işləri aparmağa sövq etmişdir.
Ali Məclis Sədrinin mətbuat orqanlarına olan hərtərəfli qayğısı kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliyinin yaranmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, qəzetlərin maddi-texniki bazası mərhələli şəkildə möhkəmləndirilmiş, yaradıcılıq imkanları artırılmışdır. Bu sahədə həyata keçirilən tədbirlər ardıcıl olaraq davam etdirilir. Görülən işlərin davamı olaraq ötən il dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar alınmışdır.
Muxtar respublikamızda qəzetlərlə yanaşı, televiziya və radioların da maddi-texniki bazası gücləndirilir. Bu gün Naxçıvan Dövlət Teleradiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdir. Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurulmuş, yeni nəsil rəqəmsal teleradio avadanlıqları quraşdırılmışdır. Həmçinin Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı əvvəlcə 4, sonra isə ardıcıl olaraq 8, 14, 17, 18 və 19 saatadək artırılmışdır. Hazırda muxtar respublikada "Şərq qapısı" ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziya və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio və 6 nəşriyyat, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır. Naxçıvan Dövlət Televiziyasının, "Şərq qapısı" qəzetinin internet saytlarının istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziyasının və Radiosunun internet üzərindən yayımlanması, muxtar respublikada ölkə telekanallarının və informasiya agnetliklərinin müxbir postlarının faəliyyət göstərməsi, yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmış, agentliyin saytı hazırlanmışdır. Ötən bir il ərzində “Nuhçıxan” İnformasiya Agentliyinin uğurlu fəaliyyəti Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların geniş oxucu, tamaşaçı və izləyici auditoriyasına çatdırılmasına istiqamətlənmişdir. Hazırda “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublika ilə bağlı ən mühüm informasiyaları, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, rəsmi materialları üç dildə dünyaya çatdırır.
Bu gün muxtar respublikada fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində səylə çalışır, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının, quruculuq və müasir inkişaf salnaməsinin yaradılmasına, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə öz töhfələrini verirlər. Sərbəst və müstəqil fəaliyyət göstərən muxtar respublika jurnalistləri cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemlərə, ictimaiyyəti narahat edən mövzulara geniş yer verir, televiziya və qəzetlərdə analitik və tənqidi materiallarla çıxış edir, onların həlli yollarının araşdırılmasında fəal iştirak edirlər.
Muxtar respublikada informasiya təhlükəsizliyinin təmin edilməsi prinsiplərinə də ardıcıl əməl olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli qayğısı ilə dövlət orqanları və kütləvi informasiya vasitələri üçün geniş imkanlar yaradılmışdır. Müasir inzibati binaların istifadəyə verilməsi, əməkdaşlar üçün hərtərəfli iş şəraitinin yaradılması, elektron hökumətin tətbiqi, sürətli internetə çıxış və yeni texnologiyalardan istifadə bu sahədə fəaliyyətin səmərəli təşkilinə xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsis olunması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoymaqla yanaşı, həm də informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunması sahəsində konkret istiqamətlər müəyyənləşdirmişdir.
Ötən dövrdə mətbuat xidmətlərinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əməkdaşlarının fəaliyyəti gücləndirilmiş, bu məsələ ilə bağlı müşavirələr, görüş və seminarlar keçirilmiş, kadr islahatı aparılmış, yeni fəaliyyət istiqaməti müəyyənləşdirilmişdir. Nəticədə mətbuat xidmətlərinin teleradio və qəzetlərlə, o cümlədən informasiya agentlikləri ilə əlaqələri gücləndirilmiş, təşkilatların aylıq və rüblük fəaliyyəti ilə bağlı məlumatlar oxucu, tamaşaçı və dinləyicilərə çatdırılmışdır. Mərkəzi icra hakimiyyəti orqanlarının internet saytlarında mətbuat xidməti bölməsinin yaradılması da bu işdə faydalı olmuş, bütün məlumatlar həmin bölmədə yerləşdirilərək ictimailəşdirilmişdir.
Muxtar respublikanın yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilişi və sürətli internetə çıxış imkanının yaradılması insanların informasiya tələbatının tam dolğun ödənilməsinə imkan verir. Artıq ən ucqar kəndlərdə belə, genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə Naxçıvanda 4G internetdən istifadəyə geniş imkanlar açmışdır. Bu gün muxtar respublika sakinlərinin genişzolaqlı və mobil internetə dayanıqlı çıxış imkanları vardır. Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də müasir poçt xidmətlərinin təşkil olunması dövri mətbuatın oxuculara vaxtında çatdırılmasını təmin edir. Bütün bunlar insanların informasiya əldə etmək hüququnun təmin olunması sahəsində görülən işlərin tərkib hissəsidir.
Sürətli internet təminatı sosial şəbəkələrdən sərbəst istifadəyə imkan verir. Artıq muxtar respublikada kütləvi informasiya vasitələrinin, eləcə də yüz minlərlə sakinin "youtube", "facebook", "instagram" və digər sosial şəbəkələrdə səhifələri vardır. Bu da informasiyaların daha operativ əldə edilməsi ilə yanaşı, muxtar respublikanın tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı haqqında təbliğat işinin aparılmasına da şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Kütləvi informasiya vasitələri ictimai nəzarət orqanı kimi fəaliyyətlərini gücləndirməli, milli dəyərlərimiz təbliğ edilməli, qəbul olunmuş dövlət proqramlarının icrası diqqətdə saxlanılmalıdır. Teleradio və qəzetlərdə informasiya-məlumatlandırma işi düzgün qurulmalı, sosial şəbəkələrdə ictimaiyyətin düzgün istiqamətləndirilməsi üçün sistemli iş təşkil olunmalıdır”.
Muxtar respublika kütləvi informasiya vasitələri işçiləri verilən tapşırıqları əldə rəhbər tutaraq doğma diyarımızın inkişafına bundan sonra da öz töhfələrini verəcək, mətbuat və söz azadlığı üçün yaradılan imkanlardan istifadə edərək bundan sonra da Ali Məclis Sədrinin müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində səylə çalışacaqlar.