NDU-da Milli Mətbuatın 151-ci ili – jurnalistlər mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib. Müxtəlif media qurumlarının və ali təhsil ocağının media nümayəndələrinin, həmçinin “Jurnalistika və rəqəmsal media” kafedrasının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə jurnalistlər mükafatlandırılıb, NDU TV-nin yenidən qurulmuş studiyası istifadəyə verilib.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Azərbaycanda media sahəsi dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin çıxışlarında milli mətbuatın inkişafına, peşəkar jurnalistikanın gücləndirilməsinə və informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verildiyini vurğulayan rektor qeyd edib ki, müasir dövrdə cəmiyyətin düzgün və operativ məlumatlandırılmasında medianın üzərinə böyük məsuliyyət düşür.

Rektor universitetdə jurnalistika sahəsində peşəkar kadr hazırlığının həyata keçirildiyini, rəqəmsal jurnalistikanın inkişafı istiqamətində yeni layihələrin icra olunduğunu, bu sahədə Çin universitetləri ilə ikili diplom proqramlarının planlaşdırıldığını diqqətə çatdırıb. 

Elbrus İsayev qeyd edib ki, universitetin Media Mərkəzinin tərkibində fəaliyyət göstərən NDU TV, "Nuhçıxan" radiosu və "Yeni fikir" qəzeti universitetin fəaliyyətinin operativ işıqlandırılmasında mühüm rol oynayır. Rektor son illərdə Media Mərkəzinin və NDU Nəşriyyatının maddi-texniki bazasının yeniləndiyini vurğulayıb.

Çıxış edən media nümayəndələri – Anar Tağıyev, Turab Hacızadə, Nəriman Nəcəfov və digər qonaqlar universitetdə media sahəsinə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, Naxçıvan Dövlət Universitetində formalaşan güclü kadr potensialının region mediasının inkişafına da mühüm töhfə verdiyini, ali təhsil ocağı ilə media qurumları arasında əməkdaşlığın uğurlu nəticələr verdiyini vurğulayıblar.

Daha sonra media nümayəndələrinə təşəkkür plaketləri və mükafatlar təqdim olunub. 

Ardınca NDU TV-nin yenidən qurulmuş studiyası istifadəyə verilib. NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini əks etdirən videoçarx izlənilib.

Sonda xatirə fotosu çəkdirilib.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: