Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bir daha bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları diqqətli və məsuliyyətli olmağa çağırıb.
Bu barədə NUHÇIXAN-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, iyulun 23-ü saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində "VAZ-11173" markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.
Həmçinin vurğulanıb ki, piyadalar üçün ən sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydası yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsizlik tələblərinə əməl etməklə keçməkdir. Bu qaydalara laqeyd yanaşmaq ağır, bəzən isə geri dönüşü olmayan faciələrlə nəticələnə bilər.
“Hörmətli piyadalar, unnutmayın, yol hərəkətində təhlükəsizlik hər birimizin şəxsi məsuliyyətindən başlayır. Bir anlıq ehtiyatsızlıq ömürlük peşmançılığa səbəb ola bilər”, - deyə məlumatda bildirilib.
