Azərbaycanda idmanın inkişafı, daha da kütləviləşməsi istiqamətində görülən işlər davam edir. Bu sahənin inkişafında idman klubları və cəmiyyətlərinin də böyük rolu var.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına töhfə verən “Naxçıvan” idman klubunda yüzlərlə uşaq və yeniyetmə idmanla məşğul olur. NUHÇIXAN xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən klubun rəhbəri Fəxrəddin Quliyev AZƏRTAC-a müsahibəsində 1996-cı ildə yaranan idman ocağında kikboksinqin müxtəlif versiyaları və boks üzrə çoxlu idmançının yetişdiyini bildirib: “Azərbaycanda döyüş növlərinə böyük maraq var. Klubumuzun yetirmələri arasında dünya, Avropa çempionatlarının qalib və mükafatçıları olan kikboksçular yetişib. Eyni zamanda, təmsilçilərimiz boks üzrə böyük nailiyyətlər əldə ediblər. Emin Kərimov (54 kq), Nurlan Qədimov (57 kq), Pərviz Qəhrəmanov (67 kq), Xəyal Əhmədov (86 kq) və Hafiz Baxşəliyev (91 kq-dan yuxarı) kimi məşhur kikboksçular məhz klubumuzun yetirmələridirlər. Arzuman Qədimov (67 kq) və Orxan Məlikov (86 kq) kikboksinq üzrə Azərbaycan çempionatının, bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçılarıdır. Ağır çəkili boksçular Zamiq Atakişiyev, Ağalar Sadıqzadə və digər dəri əlcək ustaları da ilk addımlarını klubumuzda atıblar”.
Nazim Həsənov taktiki, texniki cəhətdən
çox güclü idmançıdır
Fəxrəddin Quliyev idman ocağında uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanla məşğul olmasına xüsusi diqqət yetirildiyini bildirib: “Naxçıvan” idman klubunda hazırda çoxlu istedadlı gənc idmançı yetişir. Bu günlərdə Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə keçirilən kikboksinq üzrə 25-ci respublika çempionatında 69 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 14 yaşlı Nazim Həsənov xüsusilə fərqlənib. Nazim keçirdiyi bütün döyüşlərdə heç bir rəqibinə şans verməyərək Azərbaycan çempionu adını qazanıb. Onun final görüşü xüsusilə diqqət çəkib. Rəqibi özündən çox cüssəli, hündür olmasına baxmayaraq ona böyük ustalıqla qalib gəlib. Nazim yaşının az olmasına baxmayaraq taktiki, texniki cəhətdən çox güclü idmançıdır. Azərbaycan çempionatında klubumuzun digər təmsilçiləri də böyük nailiyyətlər qazanıblar.
Məqsəd ölkəmizi beynəlxalq arenada
layiqincə təmsil etməkdir
Klubun rəhbəri idman ocağının qarşısında böyük perspektivlərin durduğunu bildirib: “İdmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər getdikcə artır. Qarşıda təmsilçilərimizi bir sıra yarışlar gözləyir. İdmançılarımızın hərtərəfli hazırlığı ilə bağlı təlim-məşqlər davam edir. Məqsəd ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməkdir”.