NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin bir qrup kursantının iştirakı ilə “Faşizm üzərində qələbədə Naxçıvanın rolu” mövzusunda açıq dərs keçirilib. Kursantlara ikinci dünya müharibəsinin bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciələrdən biri olduğu bildirilib. Ümummilli liderimiz Heydər Əliyev həmin dövrdəki hadisələrə münasibət bildirərək deyib: “Yalnız antifaşist qüvvələrin fədakarlığı sayəsində bəşəriyyəti ən böyük təhlükədən, ağır faciədən xilas etmək mümkün oldu. Biz fəxr edirik ki, dünyanın bu taleyüklü probleminin həll olunmasında - faşizm üzərində qələbədə Azərbaycan xalqının da mühüm payı olmuşdur”.
Dərsdə Azərbaycan xalqının Böyük Vətən müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq göstərdiyi diqqətə çatdırılıb. Bu müharibədə qələbənin əldə edilməsində Naxçıvandan olan döyüşçülərin də xüsusi rolu olduğu qeyd edilib.
Naxçıvanın oğul və qızlarından bir çoxu Qafqazın ətəklərindən Berlinə qədər şanlı döyüş yolu keçiblər. Buhenvald qəhrəmanı Əkbər Ağayev, partizan hərəkatının fəal iştirakçısı Cəlil Rəfiyev, general-mayor Akim Abbasov və minlərlə digər oğul və qızlarımız düşmənə qarşı ölüm-dirim mübarizəsi aparıblar. İtaliyadakı partizan dəstələrinə qoşularaq Şimali İtaliyanın azad edilməsində fəal rol oynayıblar. Soydaşımız Əli Babayev Haribaldi adına partizan batalyonunun komandiri olub, “Hərbi şücaətinə görə” medalı ilə təltif edilib. Həmyerlimiz Baloğlan Rüstəmov kəşfiyyatçılar bölüyünə rəhbərlik edərək dəfələrlə çox çətin, mühüm tapşırıqları yerinə yetirib, “Şöhrət” ordeni ilə təltif olunub.
İkinci Dünya Müharibəsi illərində Naxçıvan sakinləri arxa cəbhədə də xüsusi əzmkarlıq göstərmiş, müdafiə fonduna pul və qiymətli əşyalar bağışlamış, azad olunmuş rayonların sakinlərinə qardaşlıq köməyi göstəriblər. Dərsdə həmçinin qələbənin əldə edilməsində xüsusi xidmətləri olan akademik Yusif Məmmədəliyevin adı xüsusi qeyd edilib.