Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət ünvanlayıb.
Bu barədə NUHÇIXAN-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü küləyin əsəcəyi proqnozlaşdırılır.
Bununla bağlı FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.
Belə ki, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğu nəzərə alınaraq xatırladılıb ki, küləkli havada dənizə girmək çox təhlükəlidir. Həmçinin kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, xüsusilə havaların isti və quru keçdiyi bu günlərdə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunub.
“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə vurğulanıb.
