Beynəlxalq Şahmat Festivalının iştirakçıları muzeyləri gəziblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, şəhərlə tanışlıq zamanı Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 49 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi şahmatçılarda dərin təəssürat yaradıb. Diqqətə çatdırılıb ki, ekspozisiyalar, əsasən qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. Qonaqlara məlumat verilib ki, muxtar respublikada yaradılan muzey fondunun zənginləşdirilməsi işində ayrı-ayrı sakinlər də yaxından iştirak edir. 2019-cu ilin ötən dövrü ərzində sakinlər tərəfindən 250-ə yaxın yeni eksponat muzeyə hədiyyə olunub.
Muzeyi ziyarət edən qazaxıstanlı şahmatçı Dinmuxamed Qalimov bildirib ki, artıq ikinci dəfədir ki, festivalda iştirak edirəm. Bizə yaradılan şəraitdən və təşkilatçılıqdan çox məmnunam. Bizi sevindirən əsas məqam Naxçıvanda muzeylərə ziyarətin pulsuz olmasıdır. Bu da bizə imkan yaradır ki, buranın tarixini, mədəniyyətini əyani şəkildə öyrənək.
Bəhruz Kəngərli Muzeyində olan festival iştirakçılarına görkəmli rəssam haqqında ətraflı məlumat verilib. Qonaqlar burada rəssamın əsərləri ilə yaxından tanış olublar.
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ev muzeyində böyük ədibin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, müxtəlif xatirə və ev əşyaları qonaqların diqqətini çəkib. Dramaturqun məzarı üzərində ucaldılan məqbərəsində məlumat verilib ki, Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss edilən məqbərə üst və aşağı-sərdabə hissələrindən ibarətdir.
Röyal Kərimov