NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində “İdeyadan başlanğıca” devizi altında hazırlanan yeni layihələrin - startapların dəyərləndirilməsi ilə bağlı görülmüş işlərlə əlaqədar tələbələrlə görüş keçirilib.
Naxçıvan Dövlət Universitetinin Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Naxçıvan Dövlət Texniki Kollecinin Dəmiryol üzrə nəqliyyatda daşımaların təşkili ixtisaslarında təhsil alan tələbələrlə keçirilən görüşdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev cəmiyyət tərəfindən hamiliyə götürülən ixtisasların tələbələrə daha dərindən aşılanması diqqətdə saxlandığını bildirib. Cəmiyyətin dəstəyi ilə Naxçıvan Dövlət Universitetində 2 fənn kabinəsi yaradılıb, təhsil ocağı 12 əyani tədris vəsaiti və 20 adda 100 texniki ədəbiyyatla təmin olunub. Bundan əlavə dəmiryol nəqliyyatındakı iş proseslərini özündə əks etdirən müasir tipli laboratoriya da yaradılıb. İstər Naxçıvan Dövlət Universitetində, istərsə də Naxçıvan Dövlət Texniki Kollecində dəmiryol sahəsi üzrə məzunların işlə təmin olunması da diqqətdə saxlanılır. Cəmiyyətin mütəxəssisləri həmin təhsil müəssisələrində müəllim kimi də fəaliyyət göstərirlər. Hər iki təhsil müəssisəsində müvafiq ixtisaslarda təhsil alan tələbələrlə görüşlərin keçirilməsi müntəzəm xarakter alıb.
Qeyd olunub ki, tələbələrin istehsalat təcrübələrində iştirakı onların gələcəkdə yaxşı dəmiryolçu kimi yetişməsində mühüm rol oynayır. Tələbələrin startap layihələrində fəal iştirak etmələri də diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası məqsədilə tələbələrlə müntəzəm keçirilən görüşlər bundan sonra da davam etdiriləcək.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, Naxçıvan Dövlət Texniki Kollecinin direktor müavini Tural Məmmədov və müəllimlər startap layihələrində tələbələrin iştirakının əhəmiyyəti barədə ətraflı danışıb və bu məsələlər müzakirə olunub.
Əbülfəz Dünyamalıyev