Naxçıvan söz və mətbuat azadlığı istiqamətində bir nümunədir

A- A A+

Ümumdünya Mətbuat Azadlığı Günü dünya ölkələrinin bir çoxunda, o cümlədən demokratik dəyərlərə böyük önəm verən ölkəmizdə qeyd olunur. Ümumiyyətlə, məlumdur ki, dialoq, barışıq və qarşılıqlı anlaşma üçün şəraitin yaradılmasında medianın təkanverici rolu çox böyükdür. Doğrudan da, mətbuat insanlar arasında dini, siyasi və digər fərqlər haqqında kök salmış fikirlər ilə mübarizədə zəruri rola malikdir.  Söz və mətbuat azadlığı insan hüquq və azadlıqlarının mühüm qoludur. Bu mənada insan hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində qeyd olunduğu kimi, “hər kəsin əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüquq var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir”.

Azad sözün və azad mətbuatın mövcud olmadığı məkanda hər hansı demokratik təsisatlardan danışmaq doğru hesab olunmur. Çünki mətbuat hər hansı bir demokratik ölkədə yalnız “dördüncü hakimiyyət” rolunu oynamır, həm də cəmiyyətin inkişaf göstəricisi hesab edilir. Dünya əhalisinin 80 faizi azad mətbuata yol tapa bilmir. Ölkəmiz bu sarıdan ən demokratik, mətbuat azadlığına önəm verən ölkələrdən biridir. Bu baxımdan məmnunluqla qeyd etmək olar ki, Azər­­bay­can­da Kütləvi İnformasiya Vasitələrilə bağlı qanunlar Avropa standartlarına uyğundur. Əslində bu cür qanunların mövcudluğu ölkəmizdə mətbuata verilən önəmi və hüquqi azadlıqları tam təsbit edir.         

Milli mətbuat  hər şeydən əvvəl söz azadlığı, demokratik inkişaf və ümumi ictimai tərəqqi deməkdir. “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin  təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və  müstəqillik  uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir” – deyən ulu öndər Heydər Əliyev milli mətbuatımızın  sələfi ilə  xələfini,  yaradanları ilə  davamçılarını birləşdirmək və  əlaqələndirmək istiqamətində mühüm tədbirlər həyata keçirməklə müasir cəmiyyətdə  söz haqqına və demokratik  hüquqlara cavab verən milli mətbuatın formalaşmasına böyük imkanlar yaratdı. Ümummilli liderimizin səyləri sayəsində jurnalist peşəsi  və mətbuatçılıq fəaliyyəti  özünün  həqiqi  mahiyyətini tapdı. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərinə ünvanladığı müraciətində də mətbuat işinin  ciddiliyini, onun milli  inkişafda olan  yerini və rolunu, jurnalist peşəsinin çətinliyini həssas münasibətlə  ifadə  edirdi. Ümummilli liderimizin bu diqqətcilliyi və qayğıkeşliyi sayəsində insan haqları və söz azadlığına dayanan Azərbaycan demokratik mətbuatının inkişaf etdirilməsi istiqamətində ölkəmizdə müxtəlif əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu məqsədlə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı ilə  milli demokratik mətbuatın inkişafına  buxov olan  Mətbuatda və digər Kütləvi  İnformasiya Vasitələrində  Dövlət Sirlərini Mühafizə edən  Baş İdarə ləğv  edilib. Bundan başqa 7 dekabr 1999-cu il tarixdə imzalanmış “Kütləvi İnformasiya  Vasitələri haqqında” Qanuna əsasən Azərbaycanda mətbuat orqanlarının dövlət qeydiyyatı ləğv edilib və mətbuat orqanlarının  təsis olunması prosedurası xeyli asanlaşdırılıb. 2000-ci ilin martında “2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi də əhəmiyyətli  islahat dəyişiklikləri ilə müşaiyət edilib.  2002-ci ilin mayın 11-də  ulu öndərin imzaladığı “Kütləvi İnformasiya  Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərman Kütləvi İnformasiya Vasitələri və milli mətbuatın inkişaf etdirilməsi və dünyəvi dəyərlərlə yenidən qurulması istiqamətində  ən əhəmiyyətli tarixi sənədlərdən biri  hesab edilməlidir. Bütün bunlar isə Azərbaycanda ulu öndər Heydər Əliyevlə  müəyyənləşmiş milli siyasətin  daxilində  milli mətbuatı inkişaf etdirmək, onu beynəlxalq tələblərə uyğun formalaşdırmaq məqsədinə dayanır ki,  bu gün  bu siyasi konsepsiya böyük siyasətçinin  layiqli varisi Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan milli mətbuatının inkişafında, müasir, demokratik dəyərlər üzərində qurulmasında çox böyük tarixi əhəmiyyətli xidmətləri vardır. O öz dərin zəkası, fenomenal bilgisi və uzaqgörən siyasəti ilə həm də Azərbaycan mətbuatının məzmununu zənginləşdirmiş, onun milli maraqlar üzərində qurulması və milli  dövlətçiliyimizin inkişafına istiqamətlənməsi üçün əvəzedilməz işlər görmüşdür. Yeri gəlmişkən, ulu öndərimizin siyasi kursunun böyük sədaqətlə və uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikasında da Kütləvi İnformasiya Vasitələrinin inkişafı, mətbuat və söz azadlığının təmin edilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilib. Təkcə bu fakt kifayət edər ki, Naxçıvan Muxtar Respublikasında “Şərq qapısı”  qəzeti, “Nuh yurdu”, “El həyatı”, “Arazın səsi”, “Şərqin səhəri”, “Oğuz səsi”, “Şərurun səsi”, “Yeni həyat”, “Oğuz yurdu” kimi rayon qəzetləri işıq üzü görməklə muxtar respublikanın, ayrı-ayrı rayonların ictimai-siyasi, sosial-iqtisadi, mədəni və sair həyatını davamlı olaraq işıqlandırır. Naxçıvan Dövlət Universitetinin orqanı olan “Yeni fikir” qəzetinin nəşri də təkcə peşəkar səviyyədə deyil, həm də jurnalisitika məktəbini yaratmaqla yeni jurnalist kadrları formalaşdırmaq, onlara təcrübi biliklər vermək kimi əhəmiyyətli bir nailiyyət də məmnunluq doğurur.

Muxtar respublikamızda mətbuat orqanlarının yayımlanması üçün mühüm işlər görülüb. Onların keyfiyyətinin artırılması, müasir standartlara cavab verən keyfiyyətdə çapı məsələləri də çox mühüm məqsəd təşkil edib. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırılmaq tədbirləri haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2000-ci il tarixli sərəncamı  muxtar respublikamızda nəşr olunan dövlət mətbuat orqanlarının yüksək keyfiyyətlə nəşri və jurnalistlərin sosial-iqtisadi həyatının yaxşılaşdırılması istiqamətində çox mühüm rol oynamışdır. Bu sərəncamdan irəli gələrək Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin maddi-texniki bazası yenidən qurulmuş, müasir iş şəraiti və imkanlara malik müasir görkəmli inzibati binada fəaliyyəti təmin edilmiş, mətbuat orqanlarının yeni ölçüdə, rəngli çap edilməsinə nail olunmuşdur. İndi muxtar respublikamızda nəşr olunan mətbuat orqanları məhz ən müasir texnologiya ilə təchiz edilmiş “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çap edilir.  Bundan başqa mütəmadi olaraq muxtar respublikada nəşr olunan mətbuat orqanlarının ildönümlərinin keçirilməsi, Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd edilməsi və jurnalistlərə mükafatların verilməsi və sair mətbuat sahəsində mətbuat orqanına və jurnalistə göstərilən dövlət qayğısının ən bariz nümunəsi, inkişaf və mətbuat azadlığının əyani ifadəsidir. Peşəkar jurnalistlərin muxtar respublikamızın ictimai-iqtisadi, mədəni və sair həyatı ilə bağlı yazılmış yazıları muxtar respublikamız ətrafında geniş, təfərrüatlı məlumatların əldə edilməsinə imkan verir. Bundan başqa ən mühüm nailiyyətlərdən biri kimi “Şərq qapısı” qəzetinin elektron saytının yaradılması, “Nuhçıxan” və “Naxçıvanxəbərləri” və b. informasiya saytlarının internet üzərindən yayımlanması, məlumatların çevik, mütəmadi və operativ şəkildə ötürülməsinə böyük imkanlar yaratmaqla razılıq doğurur. Bu, deməyə imkan verir ki, dünyanın tanımaq istədiyi Naxçıvan indi gözlər önündə bütün obyektivliyi ilə, necə varsa elə sərilməklə görünür, tanınır və öyrənilir. Dünyanın bir sıra mətbuat orqanları və digər Kütləvi İnformasiya Vasitələrində Naxçıvanla bağlı yayımlanan xoşməramlı məlumatlar da muxtar respublika haqqında təəssüratların genişlənməsinə xidmət edir. Muxtar respublikada yaradılan sosial-iqtisadi vəziyyət, aparılan abadlıq və quruculuq işləri, turistlər üçün yaradılan şərait, bu diyarın zəngin mədəni-mənəvi dəyərləri və abidələri, multikultural düşüncə və tolerantlığı bütün dünya üçün bir nümunə qəbul edilir.

Uluların dediyi kimi, “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir”. Ölkəmizdə mətbuat və söz azadlığı istiqamətində yaradılan şəraitin müqabilində qarşıda duran ümdə vəzifə ölkəmizə, dövlətimizə, ərazi bütövlüyümüzə və milli inkişafımıza xidmət etməkdir.

 

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: