NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə birgə tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin nəzdində İnnovasiya Mərkəzinin fəaliyyətindən danışıb. Bildirilib ki, yaradılan mərkəz innovativ layihələrin üzə çıxarılması və peşəkar ekspert qrupları ilə birgə dəyərləndirməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev bildirib ki, universitetin Sosial idarəetmə və Hüquq fakültəsinin Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında təhsil alan tələbələr nazirliyin himayəsinə verilib. “İdeyadan başlanğıca” layihəsi üzrə nazirlikdə “İnnovativ layihələrin təşviqi mərkəzi” yaradılıb. Bu layihələrin əsas məqsədi nazirliyin fəaliyyət istiqamətlərinə uyğun gördüyü işlərə tələbələrin cəlb edilməsi və yeni layihələrin üzə çıxarılmasıdır.
Bildirilib ki, yaradılan “İnnovativ layihələrin təşviqi mərkəzi” startap layihələrinin qəbulu və təqdimatı ilə yanaşı, ədliyyə orqanlarında “Ədliyyə könüllüləri” proqramı istiqamətində yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələrin üzə çıxarılması və innovativ ideyaların dəstəklənməsi məqsədini daşıyacaq. Vurğulanıb ki, gələcəkdə tələbələrlə birgə istiqamətverici layihələrin də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, tədbirdən əvvəl tələbələr iki gün ərzində nazirliyin Aparatında, Penitensiar Xidmətdə, Məhkəmə Ekspertizası Mərkəzində, Naxçıvan Bələdiyyəsində təcrübədə olublar.
Səadət Əliyeva