Turistləri valeh edən Naxçıvan təbiəti - FOTOLAR
“Naxçıvan – bu tufandan sonra Nuhun gəmisinin üzüb çıxdığı və şəhər saldığı məkandır. Bura möcüzələr diyarıdır. Dağlar, dağlar, dağlar, siz necədə gözəlsiniz. Naxçıvan öz memarlığının qüsursuz gözəlliyi və sehrli havası ilə adamı valeh edir. Buradakı müalicə ocaqlarına sağlamlıq üçün bir daha qayıtmaq istəyirsən. Burada astma xəstəliyi 80 faiz müalicə olunur. Həm də mineral bulaqlar oynaq ağrılarını tam sağaldır”-NUHÇIXAN xəbər verir ki, bu fikirləri Naxçıvanda turist kimi səfərdə olan Rusiya vətəndaşı Janna Potyemkina sosial şəbəkədə paylaşıb. Rusiyalı xanım internet portalında Naxçıvanın əsrarəngiz təbiətində çəkdirdiyi şəkilləri də yerləşdirib. Həmin səfərin digər iştirakçısı Olqa Qaldışeva isə Batabat yaylası, Haçadağ və digər ərazilərin fotosunu sərgiləyərək onların gözəlliyi haqqında fikirlərini qeyd edib. Əshabi-Kəhf mağarası isə Olqa Qaldışevanı daha çox təəccübləndirib. “Naxçıvan. Heydər Əliyevin vətəni. Buradakı Əshabi-Kəhf mağarası uzaq keçmişə dair məlumatları saxlayan gizli bir xəzinədir. Əhatəli tədqiqat üçün tarixçilər, arxeoloqlar, etnoqraflar hələ də bu yeri araşdırırlar”, - deyə sosial şəbəkədə status paylaşaraq öz heyrətini gizlədə bilməyib.
Rəssam, yazıçı, Mondi Merziban isə sosial şəbəkə hesabında Əlincəqala, Haçadağ haqqında yazılar verib. Kanada vətəndaşı olan bu xanım Duzdağı gəzərək buranın müalicəvi əhəmiyyəti, “yeraltı dünyası”nın sakitliyi və duz yolunun dərinliyini təsvir edir. Daha bir məlumat isə Travolmisch adlı turizm şirkətinin səhifəsində yer alıb. Qarlı Əlincəqalanın fotosunu yerləşdirən turizm əməkdaşı buranın Naxçıvanın Maçu-Piççusu olduğunu və ilin bütün fəslində gözəl göründüyünü qeyd edib.