Naxçıvanda Azərbaycan dilində İT dərslikləri təqdim olunub - FOTOLAR

A- A A+

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Ana dilində Rəqəmsal Təhsil" mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, tədbirdə informasiya texnologiyaları sahəsi üzrə Azərbaycan dilində hazırlanmış dərsliklər və rəqəmsal təhsil resursları ictimaiyyətə təqdim olunub. Qeyd edilib ki, layihənin məqsədi ana dilində İT təhsilinin inkişafına dəstək vermək, müasir tədris vəsaitlərini daha əlçatan etmək və rəqəmsal savadlılığı artırmaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov Azərbaycan dilində müasir İT dərsliklərinin hazırlanmasının strateji əhəmiyyət daşıdığını vurğulayaraq, bunun gənclərin bilik və bacarıqlarının inkişafına, milli təhsil resurslarının zənginləşdirilməsinə və rəqəmsal savadlılığın artırılmasına mühüm töhfə verdiyini bildirib.

Tədbirdə, həmçinin Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin hazırladığı 18 modullu elektron tədris sistemi təqdim olunub. Qeyd edilib ki, platforma tələbələrin qeydiyyatından qiymətləndirməyə, dərs cədvəllərinin planlaşdırılmasından hesabatların hazırlanmasına qədər bütün tədris prosesini vahid rəqəmsal mühitdə idarə etməyə imkan yaradır.

Çıxışlarda bildirilib ki, artıq 13 istiqamət üzrə – Windows, Microsoft Office, İT Helpdesk, Robototexnika və Süni İntellektin Əsasları, Kibertəhlükəsizlik, Sistem İnzibatçılığı, Kompüter Şəbəkələri, Adobe Photoshop, CorelDRAW, SMM və AutoCAD mövzularını əhatə edən Azərbaycan dilli dərsliklər hazırlanaraq istifadəyə verilib. Bu vəsaitlər həm çap, həm də elektron formatda istifadəçilərə təqdim olunacaq.

Tədbir çərçivəsində mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, sonda isə ana dilində dərsliklərin hazırlanmasında əməyi olan əməkdaşlar təşəkkürnamələrlə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: