Naxçıvanda quşçuluq sənayesinin inkişaf perspektivlərinə dair görüş olub - FOTOLAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 30-da Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.
AQTA-dan NUHÇIXAN-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüblər.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin və quşçuluq təsərrüfatı rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə dövlət dəstəyi nəticəsində muxtar respublikada epizootik sabitliyin qorunması, biotəhlükəsizlik məsələləri, əhalinin quş əti və süfrə yumurtasına olan daxili tələbatının ödənilməsi, eləcə də gələcəkdə ixrac potensialının yaradılması istiqamətində görüləcək kompleks tədbirlər barədə danışılıb.
Daha sonra 4 quşçuluq təsərrüfatına baxış keçirilərək müəssisələrin istehsal gücü, damazlıq və yem təminatı, infrastruktur imkanları ilə bağlı mövcud vəziyyət qiymətləndirilib. Yerli təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Naxçıvanda quşçuluq təsərrüfatlarının dayanıqlı inkişafına yönəlmiş birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.