“Gələcəyini planlaşdır”ın ikinci təlimi yekunlaşıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə qurumun təşkilatçılığı ilə keçirilən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır”ın ikinci təlimi yekunlaşıb.
Babək rayonundan olan qadınlar üçün keçirilən iki günlük təlim zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova təlim iştirakçılarına pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəediləməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verib. Qarşılıqlı diskussiya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb. Sonra təlimdə iştirak edən 53 qadına sertifikat və hədiyyələr verilib.
Qeyd edək ki, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan növbəti təlim Kəngərli rayonundan olan qadınlar üçün nəzərdə tutulub.