Rumıniya nəşri: Azərbaycanın Avropa ilə tərəfdaşlıqları ölkənin xarici siyasətinin gücləndiyini göstərir

A- A A+

Azərbaycanın son illərdə Avropa dövlətləri ilə inkişaf etdirdiyi strateji tərəfdaşlıqlar ölkənin xarici siyasətində praqmatik və çoxşaxəli yanaşmanın gücləndiyini nümayiş etdirir.

NUHÇIXAN xəbər verir ki, Rumıniyanın “Business Talks” nəşrində dərc olunan təhlildə bildirilir ki, Azərbaycan 2026-cı ildə İtaliya, Slovakiya və Almaniya ilə münasibətlərini daha da inkişaf etdirərək enerji, müdafiə, investisiya və yenidənqurma sahələrində əməkdaşlığı genişləndirib. Bu siyasət Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha da artırır.

Məqalədə qeyd olunur ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq artıq ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın institusionallaşdırılması və birgə istehsal imkanlarının araşdırılması istiqamətində addımlar atır. Bu yanaşmanın gələcəkdə digər Avropa ölkələri ilə də oxşar layihələrin həyata keçirilməsi üçün nümunə ola biləcəyi vurğulanır.

Nəşr yazır ki, Slovakiyanın Ağdam rayonunda həyata keçirdiyi "Ağıllı kənd" layihəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Avropa ölkələrinin iştirakının genişləndiyini göstərir. Bu cür layihələr tikinti, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində yeni əməkdaşlıq imkanları yaradır.

Təhlildə Almaniya ilə imzalanmış Strateji Tərəfdaşlıq Gündəliyinin də xüsusi əhəmiyyət daşıdığı qeyd olunur. Sənəd enerji, ticarət, investisiya və iqtisadi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur və iki ölkə arasında əlaqələrin yeni mərhələyə keçdiyini nümayiş etdirir.

Məqalə müəlliflərinin fikrincə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin bu ilin iyul ayında Bakıya səfəri də Azərbaycanın regionda artan geosiyasi və iqtisadi rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini göstərən mühüm siyasi siqnallardan biridir.

Bildirildiyinə görə, Azərbaycanın enerji və logistika sahələrində artan rolu Avropa şirkətləri, o cümlədən Rumıniya biznesi üçün yeni investisiya və əməkdaşlıq imkanları yaradır. Eyni zamanda, Azərbaycanın praqmatik diplomatiyası və milli maraqlara əsaslanan xarici siyasəti regionda nüfuzunun daha da möhkəmlənməsinə şərait yaradır.

Qeyd edək ki, Azərbaycan son illərdə Avropa İttifaqı və bir sıra üzv dövlətlərlə enerji təhlükəsizliyi, nəqliyyat, yaşıl enerji və iqtisadi əməkdaşlıq sahələrində əlaqələrini ardıcıl şəkildə genişləndirərək, Cənubi Qafqazın əsas strateji tərəfdaşlarından biri kimi mövqeyini möhkəmləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: