1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü

A- A A+

Hər bir xalqın milli kimliyini, tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən mühüm amillərdən biri onun dilidir. Azərbaycan dili də əsrlər boyu xalqımızın milli yaddaşını, zəngin ədəbi irsini və dövlətçilik ənənələrini qoruyaraq bu günümüzə qədər gəlib çatmış, müstəqilliyimizin və milli varlığımızın əsas sütunlarından birinə çevrilmişdir. Bu dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqımızın milli ruhunu, mənəvi dəyərlərini və mədəni irsini yaşadan əvəzsiz sərvətdir.

Azərbaycan dili tarix boyu müxtəlif sınaqlardan keçsə də, öz zənginliyini, saflığını və ifadə imkanlarını qoruyub saxlamışdır. Görkəmli yazıçı və şairlərimizin yaratdığı qiymətli ədəbi irs, alimlərimizin elmi fəaliyyəti və xalq yaradıcılığı ana dilimizin inkişafına mühüm töhfələr vermiş, onun dünya dilləri arasında layiqli yer tutmasına şərait yaratmışdır.

Ana dilimizin qorunması və inkişafı Azərbaycan dövlətinin hər zaman prioritet istiqamətlərindən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu əlamətdar gün Azərbaycan dilinin saflığının qorunması, tətbiq dairəsinin genişləndirilməsi, əlifbamızın inkişafı və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət dilinin qorunması, Azərbaycan dilinin beynəlxalq müstəvidə nüfuzunun artırılması, rəqəmsal informasiya məkanında düzgün istifadəsinin təşviqi, eləcə də dilimizin elmi və mədəni potensialının daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütün bunlar Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun inkişafına və gələcək nəsillərə zəngin irs kimi ötürülməsinə xidmət edir.

Qloballaşan dünyada milli dillərin qorunması hər bir xalq üçün xüsusi əhəmiyyət daşıyır. Ana dilinə hörmət və sevgi milli kimliyin qorunmasının əsas şərtlərindən biridir. Azərbaycan dilinin saflığını qorumaq, onu gündəlik həyatda, təhsil, elm, mədəniyyət və informasiya məkanında düzgün və zəngin şəkildə işlətmək hər bir vətəndaşın mənəvi borcudur. Çünki dilini yaşadan xalq öz tarixini, mədəniyyətini və dövlətçilik ənənələrini də yaşadır.

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü Azərbaycan xalqının öz dilinə, milli-mənəvi dəyərlərinə və zəngin mədəni irsinə verdiyi yüksək qiymətin ifadəsidir. Bu əlamətdar gün ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması istiqamətində hər birimizi daha məsuliyyətli olmağa çağırır.

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, doğma Azərbaycan dilinin daim yaşamasını, zənginləşməsini, beynəlxalq nüfuzunun daha da artmasını, ölkəmizə isə davamlı inkişaf, tərəqqi və firavanlıq arzulayırıq.

 

Mahir İsmayılov

Ali Məclisin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: