Ana dili də xalqımızın qürur mənbəyi və milli varlığımızın ən mühüm ifadəsidir

A- A A+

Hər il 1 avqust tarixində ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanına əsasən təsis edilmişdir. Bu günün qeyd olunmasında əsas məqsəd Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinin tamamlanması, ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə düzgün şəkildə ötürülməsinə diqqətin artırılmasıdır. Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən qiymətli sərvətlərdən biridir. Əsrlər boyu xalqımız müxtəlif ictimai-siyasi sınaqlarla üzləşsə də, ana dilimiz milli birliyin qorunmasında, mədəni irsin yaşadılmasında və azərbaycançılıq məfkurəsinin formalaşmasında mühüm rol oynamışdır. Bu baxımdan Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşımızın, mənəvi irsimizin və dövlətçilik ənənələrimizin əsas daşıyıcısıdır.

Bəşəri sivilizasiyaya dəyərli töhfələr vermiş, zəngin mədəni irsə və qədim tarixə sahib Azərbaycan xalqının bütün milli-mənəvi dəyərləri kimi ana dili də xalqımızın qürur mənbəyi və milli varlığımızın ən mühüm ifadəsidir. Azərbaycan dilinin tarixi nüfuzu xarici tədqiqatçıların da diqqətindən kənarda qalmamışdır. Hələ XVIII əsrdə Qafqaza səfər edən görkəmli fransız yazıçısı və səyyahı Aleksandr Düma qeyd edirdi ki, Avropada fransız dili hansı mövqeyə malikdirsə, Qafqazda da Azərbaycan dili eyni dərəcədə geniş yayılmış və nüfuzlu ünsiyyət vasitəsi hesab olunurdu. Bu fikir Azərbaycan dilinin regionun ictimai, siyasi və mədəni həyatında mühüm yer tutduğunu bir daha təsdiq edir.

Nəsillər boyu qorunaraq bu günə qədər gəlib çatan ana dilimiz xalq yaradıcılığının zəngin nümunələri – bayatılar, nağıllar, dastanlar, aşıq yaradıcılığı vasitəsilə inkişaf etmiş, klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə daha da zənginləşmişdir. İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun və Üzeyir Hacıbəyli kimi dahi şəxsiyyətlərin yaratdıqları ölməz əsərlər Azərbaycan dilinin ədəbi imkanlarının genişlənməsinə, zənginləşməsinə və milli-mədəni dəyər kimi qorunmasına mühüm töhfələr vermişdir.

Azərbaycan dilinin dövlət dili kimi inkişafı müstəqillik dövründə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş, onun qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri müəyyənləşdirilmişdir. Sonrakı illərdə qəbul edilən hüquqi sənədlər, dövlət proqramları və normativ aktlar dilimizin zənginləşdirilməsi, ədəbi dil normalarının qorunması və müxtəlif sahələrdə tətbiqinin genişləndirilməsi istiqamətində mühüm nəticələr vermişdir.

Müasir dövrdə qloballaşma və rəqəmsal texnologiyaların sürətli inkişafı Azərbaycan dili qarşısında yeni imkanlarla yanaşı, müəyyən çağırışlar da yaradır. Xarici dillərin təsiri, sosial şəbəkələrdə ədəbi dil normalarına kifayət qədər riayət olunmaması, alınma sözlərin həddindən artıq işlədilməsi və rəqəmsal informasiya məkanında dil mədəniyyətinin qorunması bu gün aktual məsələlər sırasındadır. Buna görə də ana dilimizin saflığının qorunması, söz ehtiyatının zənginləşdirilməsi və düzgün nitq mədəniyyətinin formalaşdırılması hər bir vətəndaşın, xüsusilə də təhsil ictimaiyyətinin qarşısında duran mühüm vəzifələrdəndir.

Bu istiqamətdə biz Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin üzərinə xüsusi məsuliyyət düşür. Müəllimlər şagirdlərinə, tələbələrinə ana dilinə sevgi və hörmət hissini formalaşdırmaqla yanaşı, onları ədəbi dil normalarına əməl etməyə, düzgün nitq mədəniyyətinə yiyələnməyə və milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişməyə istiqamətləndirirlər. Ana dilinin tədrisi yalnız dil qaydalarının öyrədilməsi deyil, həm də milli kimliyin, vətəndaşlıq şüurunun və mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi missiyasını daşıyır.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimizi ana dilimizin keşiyində dayanmağa, onun saflığını qorumağa və zəngin irsini gələcək nəsillərə olduğu kimi çatdırmağa səsləyir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir." Bu dəyərli kəlam hər birimiz üçün mühüm bir çağırışdır. Çünki ana dilinə sevgi və ehtiram xalqın öz tarixinə, milli kimliyinə və mənəvi dəyərlərinə olan bağlılığının ən parlaq göstəricisidir. Dilimizi yaşatmaq və zənginləşdirmək isə yalnız bu günün deyil, gələcək nəsillər qarşısında daşıdığımız ən müqəddəs məsuliyyətlərdən biridir.

Həqiqət Əsgərova, 

Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

 ixtisasının IV kurs tələbəsi,

NDU Gənc Yazarlar və Ədəbiyyatşünaslar klubunun üzvü

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: