Yaxşı gün-güzəran zəhmətlə əldə olunur

A- A A+

Culfa rayonunun bütün kəndlərində həyata keçirilən quruculuq tədbirləri təkcə kəndlərimizin abadlaşması, geniş yolların  çəkilməsi, yüksək zövq və müasir tələblərə uyğun  tikilmiş yaşayış evlərinin göz oxşamasına deyil, həm də insanların torpağa bağlılığını artırıb, onların yaşayış səviyyəsini yüksəltməsinə də xidmət edir.

Təbiətin yaşıllığa büründüyü, rəngbərəng gül-çiçəyin bəzədiyi Camaldın kəndi ilin bu fəslində daha gözəl görünür. Bir tərəfdən də Əlincə çayının nəğmə dolu sularının zümzüməsi könüllərə xoş ovqat bəxş edir.

Yolboyu uzanan yaşıllıq zolaqları, taxıl zəmiləri, füsunkar təbiət gözəlliklərini əks etdirən mənzərələr bu kənd haqqında ilk sözünü deyir. Tel-tel olub yaşıllaşan geniş taxıl zəmilərini, həyət-bacalarda zəhmətə qatlaşan təsərrüfat adamlarını gördükcə bu yurdun insanlarının yaşayışlarını, xoş güzəranlarını torpaqda tapdıqlarına şahid olursan.

Camaldın kəndində sosial problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər insanların doğma yurda bağlılığını artırır, onları qurub-yaratmağa, təsərrüfat işləri ilə ciddi məşğul olmağa və bütün bunların fonunda özlərinin layiqli yaşayışlarını təmin etməyə ruhlandırır. Kənddə tikilən yeni yaşayış evləri, salınan yaşıllıq zolaqları, meyvə bağları, əkin sahələrindəki canlanma burada yaşayan insanların zəhmətsevərliyindən xəbər verir.

Kəndin yaranma tarixi eramızın əvvəllərinə aid edilir. Ümumi ərazisi 35,85 kvadrat kilometr, 262 evdən ibarət olan bu kəndin 1757 nəfər sakini var. Daş dövrünə aid edilən Alməmməd piri kəndin qədimliyini təsdiqləyir.

Camaldınlılar əməksevərliliyi, torpağa bağlılığı ilə həmişə seçiliblər.Kəndin zəhmətdən qorxmayan təsərrüfat adamları həm əkinçiliyi, həm də heyvandarlığı inkişaf etdirirlər. Onların 296 hektar sahədə apardığı payızlıq taxıl əkin zamanı 235 hektar buğda, 61,11 hektar arpa səpilib. Əkinin 242 hektarı şırım üsulu ilə aparılıb. Camaldınlılar dəmyə əkinə də üstünlük verərək Darıdağın ətəklərində 81 hektar sahədə taxıl səpini həyata keçiriblər. Ötən təsərrüfat ilində də torpaq mülkiyyətçiləri dəmyə sahədə taxıl əkərək bol məhsul əldə ediblər. Kənd sakinləri Qozakar, Kiçik çəmən, Böyük çəmən, Yovşanlıq adlanan massivlərdə taxıl əkininə üstünlük verirlər.

Hal-hazırda təsərrüfat adamları taxıl zəmilərinin suvarılması işini uğurla həyata keçirirlər. Suvarma əsasən Əlincə çayı vasitəsi ilə həyata keçirilir.

Camaldında əkin-biçin aparmaq üçün kifayət qədər traktor, kombayn və otbiçən maşın var. Kənd sakinləri topladıqları taxılı ya Dərəlikdəki un dəyirmanında, ya da kəndin bərpa olunmuş su dəyirmanında üyüdərək öz ailələrinin çörəyə olan tələbatlarını ödəyirlər.

Camaldının bərəkətli torpaqları bu yerlərdə taxılçılığı inkişaf etdirməyə imkan yaradır. Əkin sahələrinə aqrotexniki qaydada qulluq göstərilir. Dövlət tərəfindən əkin üçün şum pulu və gübrə verilib. Bu yerlər üçün gəlirli sahə olan taxılçılıq iqtisadi vəziyyətin ili-ildən  yüksəlməsinə səbəb olur.

Camaldının torpaq mülkiyyətçiləri "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"ndan irəli gələn vəzifələri də layiqincə yerinə yetirməyə çalışırlar. Burada meyvəçiliyin inkişafı üçün bir sıra işlər yerinə yetirilir. Həyətyanı sahələrdə və pay torpaqlarında üzüm və meyvə bağlarının salınması diqqət mərkəzindədir.

Camaldında heyvandarlığın inkişafına da xüsusi əhəmiyyət verilir. Kənd sakinləri heyvandarlığa gəlirli sahə kimi baxırlar. Darıdağın qərb ətəkləri heyvandarlıq üçün münasib örüş yerləridir. Bu yerlərdən həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların otarılması üçün istifadə edilir. Muxtar respublikamızda heyvandarlara göstərilən qayğı, həmçinin heyvanlara  baytarlıq xidmətinin günün tələbləri səviyyəsində olması bu sahədə işlərin yaxşı qurulmasına xidmət edir.

Kənddə arıçılığın inkişafı üçün də gözəl şərait var. Həyət-bacaların bağ-bağatlı olması, Darıdağın yaz aylarında gül-çiçəyə bürünməsi kənd sakinlərini arı ailələrini artırmağa ruhlandırır. Arıçılığa gəlirli sahə kimi baxan sakinlər ailə büdcəsinin xeyli hissəsini bu təsərrüfat sahəsindən əldə edirlər.

Kənddə tərəvəzçiliyi inkişaf etdirmək üçün bütün imkanlar var. Təsərrüfat adamları 20 hektar sahədə yaz əkini aparıb, tərəvəz, noxud, kartof, pomidor və s. əkiblər.  Kənddə qaynar həyat davam edir.

Yaxşı gün-güzəran zəhmətlə əldə olunur.Ulularımız demişkən: "Torpağa əyilməsən, ucala bilməzsən".

"Arazın səsi" qəzeti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: