Muxtar diyarımızın elə bir bölgəsi yoxdur ki, orada xalq yaradıcılığı nümunələrinə rast gəlinməsin, yaşadılmasın. Kəngərli rayonu da adət-ənənələri, xalq yaradıcılığı nümunələrini özündə yaşadan qədim bölgələrimizdən biridir. Rayonun kəndlərində yerli əhaliyə məxsus adət-ənənələr, folklor nümunələri bu gün də yaşadılmaqdadır. Toy mərasimlərini, el şənliklərini bunlarsız təsəvvür etmək mümkün deyil. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Qarabağlar kəndi özünün qədimdən mövcud olmuş toy mərasimləri ilə seçilir. Həmin toy mərasimlərində, qadın məclislərində, yəni xına gecələrində kəndin yaşlı qadınları, cavan qızları halay tutar, “Gülüm hey” gedərlər. Səhnəcik şəklində keçirilən “Gülüm-hey” xalq yaradıcılığı nümunəsi keçmişdən bu günə yadigar qalan folklor nümunələrindəndir. Hazırda həmin folklor nümunələri “Gülüm -hey” folklor qrupunun fəaliyyətində öz əksini tapıb.
“Gülüm-hey” folklor qrupu ilk olaraq Qarabağlar kəndində təşkil edilib. Qrupu yaratmaqda əsas məqsəd el şənliklərində, toy mərasimlərində, xinayaxdı gecələrində bölgəyə aid deyimlər, haxıştalar demək, milli dəyərlərimizi yaşatmaq və gənc nəsillərə aşılamaqdır. “Gülüm-hey”in repertuarında ifa edilən deyimlər, əsasən, Qarabağlar kəndində yaşayan ağbirçək nənələrimizin dilindən, yaşlı qadınlardan öyrənilib. Bu folklor nümunəsi Kəngərli rayonuna xas olduğundan deyimlərdə bölgə ilə bağlı olan bəndlərə də rast gəlinir. Məsələn:
A gülüm hey, e gülüm hey,
Kəngərliyə gələn qız.
A gülüm hey, e gülüm hey,
Böyük-kiçik bilməli.
A gülüm hey, e gülüm hey,
Kəngərlidən gedən qız.
A gülüm hey, e gülüm hey,
Göz yaşını tökməli.
2005-ci ildən Kəngərli Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyətə göstərən “Gülüm-hey” folklor qrupu mədəniyyət evi, klub və kitabxanalarda çalışan qızlardan təşkil olunub. Bu gün həmin folklor qrupunun fəaliyyət dairəsinin genişləndirilməsi məqsədilə onun repertuarına yeni folklor nümunələri əlavə edilir, kollektivə istedadlı gənc qızların cəlb edilməsi istiqamətində işləri davam etdirilir. Hazırda 8 üzvü olan bu folklor qrupu rayonda, eləcə də muxtar respublikada keçirilən xalq yaradıcılığı günlərində, bayram şənliklərində fəal iştirak edir.
Onu da qeyd etmək istərdik ki, “Gülüm-hey” folklor qrupu hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Rayon və muxtar respublika səviyyəsində keçirilən tədbirlərdə, festivallarda, müsabiqələrdə iştirak edən “Gülüm-hey” folklor qrupu dəfələrlə diplom, fəxri fərman və hədiyyələrlə təltif edilib. Həmçinin, qrup üzvlərindən öz istedadları ilə fərqlənən ifaçıların mükafatlandırılması və bu kimi digər tədbirlər də göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Bu gün muxtar respublikamızda xalq yaradıcılığı sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər “Gülüm-hey” folklor qrupunun fəaliyyətində də öz əksini tapır. İnanırıq ki, folklor qrupu bundan sonra da bölgəmizin müxtəlif xalq yaradıcılığı nümunələrinin yaşadılması və təbliğinə töhfəsini verəcək.
Sevinc Kətənova
Yeni həyat” qəzeti