Dadlı, ləzzətli yaz yeməkləri – xıncılovuz və mərəçöyüd

A- A A+

Naxçıvan mətbəxində yazda müxtəlif göyərtilərdən hazırlanan çoxçeşidli, dadlı, vitaminlərlə zəngin təamlar üstünlük təşkil edir. Əvvəlki yazılarımızda onlardan bir neçəsi haqqında geniş məlumat vermişdik. Bu yazıda isə ölkəmizin digər bölgələrində və ədəbiyyatda “cincilim”, Naxçıvan dialektində isə xıncılovuz kimi tanınan yaz yeməyindən və mərəçöyüddən– qulançardan  bəhs edəcəyik.

Xıncılovuz soğanağı ilə birlikdə çıxarılır və bütün pencərlər kimi xıncılovuzun da qovurma ilə və ya xırda doğranmış ət tikələri ilə qızardılması çox dadlı olur. Yağda qızardılması, üzərinə yumurta vurulması da ləzzətlidir. Xıncılovuzu bəzən doğrayıb qurudaraq qış azuqəsi kimi saxlayırlar. Bu bitkinin qutabı, kətəsi də bişirilir. Bəzi evlərdə turşusu da qoyulur. Əsasən, təpələrdə, çaykənarı düzənliklərdə bitir. Naxçıvanın istər aran, istərsə də dağlıq zonasında geniş yayılsa da, dağlıq zonanın əhalisi bu bitkidən çox az istifadə edir. Xıncılovuz toplayan zaman naşı adamlar bu bitki ilə yanaşı bitən “qarğa soğanı”-nı qarışıq salırlar. Xırda soğanağı olan bu bitkiləri fərqləndirən əsas əlamət xıncılovuzun məhz tünd yaşıl rəngi və islanmış kimi görünməsidir.

Mərəçöyüd muxtar respublika ərazisində Araz çayı sahilindən başlayaraq dəniz səviyyəsindən 2000 metr yüksəkliyə qədər olan ərazilərdə yayılmışdır. Bu bitki qulançar da adlanır. Adətən, kol bitkilərinin dibində göyərir. Bitkini həm çiy halda, həm də digər pencərlər  kimi  qovurub yemək olur. Mərəçöyüdün ocaqda kabab edilməsini də xoşlayanlar çoxdur. Son zamanlar bazarlarımızda mərəçöyüd də satılır,  ondan çox dadlı kətə hazırlamaq mümkündür. Təcrübəli alıcılar aran mərəçöyüdünə nisbətən dağ mərəçöyüdünə daha çox üstünlük verirlər. Mərəçöyüddən xalq təbabətində  də geniş istifadə edirlər.

Bu gün Naxçıvanın bazar-dükanlarında digər pencər növləri kimi mərəçöyüd və xıncılovuzu da asanlıqla tapmaq mümkündür. Zəhmətkeş dağ adamları ilin-günün bu vaxtında yuxusuna haram qatıb səhərin erkən çağında  dağ-dərəyə üz tutur, təbiətin səxavətlə bu diyara ərmağan etdiyi növbənöv otlardan, göbələklərdən, müxtəlif dərman bitkilərindən toplayırlar. Üstəlik bu bitkilərin böyük əksəriyyəti orqanizm üçün çox faydalıdır, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Saymaqla bitməyən yaz sovqatlarından yeyin ki,canınız sağ, bədəniniz gümrah olsun... 

Zaleh NOVRUZOV

"Şərqin səhəri" qəzeti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: