Culfa rayonunun təsərrüfat adamları digər yaz əkinləri ilə yanaşı bostan və tərəvəz bitkilərinin əkininə də xüsusi maraq göstərirlər. Bənəniyar, Ərəzin, Yaycı, Camaldın kəndlərinin ərazilərində və Culfa düzündə bostan və tərəvəz bitkiləri üçün əkinin münasib olması və eyni zamanda bu yerlərdə suvarma işinin günün tələblərinə cavab verməsi ilə əlaqədar təsərrüfat adamları yaz əkinini başa vurmağa çalışırlar.
Araz çayı üzərində nasos stansiyası quraşdırıldıqdan və bir ehtiyat nasos qoyulduqdan sonra Culfa düzündə həm yeni yaşıllıqlar salınıb, həmçinin bostan və tərəvəz bitkilərinin becərilməsinə şərait yaradılıb.
Son zamanlar Culfa düzündə su xətləri yenilənib, əlavə olaraq 200 hektara qədər ərazini suvarmaq üçün yeni su xətləri çəkilib və sututar sahələr genişləndirilib. Culfa düzünə su xətləri çəkdikdən sonra torpağa bağlı, əkin-biçinə marağı olan insanlar burada bostan və tərəvəz bitkiləri əkməyə başlayıblar.
Əvvəlki illərdə əkin sahələrindən bol məhsul əldə edən təsərrüfat adamları cari ildə də bostan və tərəvəz bitkilərinin əkilməsini diqqətdə saxlayır, daha çox gəlir gətirən əkin sahələrinin genişləndirilməsinə əhəmiyyət verirlər. Hazırda əkin işi sürətlə aparılır, əkin aparılmış sahələrə aqrotexniki qaydada qulluq göstərilir.
Bu fikirləri Yaycı, Bənəniyar, Ərəzin kəndlərinin təsərrüfat adamları haqqında da söyləmək olar. Ərəzin kəndində yaz-tarla işlərinin genişləndirilməsinin nəticəsində təsərrüfat adamları 23 hektar sahədə arpa, 4 hektar sahədə bostan və tərəvəz, 4,7 hektar sahədə yonca, 1 hektar sahədə noxud və s. əkini aparıblar.
Ərəzin kəndinin təsərrüfat adamları yaz-tarla işlərinin yerinə yetirilməsində daha fəal iştirak edirlər.
"Arazın səsi" qəzeti