Naxçıvan şəhərinin təmizliyi diqqət mərkəzindədir - FOTOLAR
Muxtar respublikamızın artıq həyat ritminə çevrilən tikinti-quruculuq və təmir-bərpa işləri Naxçıvanı müasirliyə qovuşdurub. Qısa zaman kəsiyində on illərə bərabər inkişaf yolu keçən, tərəqqiyə qovuşan Naxçıvan bu gün, sözün həqiqi mənasında, tanınmaz dərəcədə dəyişib. Elə ona görədir ki, buraya yolu düşənlər şahidi olduqları dəyişikliklərdən təəccüblərini gizlədə bilmirlər.
Naxçıvan şəhərini hər kəs üçün cəlbedici edən amillərdən biri də şəhərin abadlığı və təmizliyidir. Burada abadlıq və təmizliyin ən yüksək səviyyədə qorunmasına heç də asanlıqla nail olunmayıb. Bunun üçün hədəflər və bu hədəflərə doğru ümumxalq yanaşması ortaya qoyulub. Ən əsası isə təmizliyin təmin olunması Naxçıvanda hərtərəfli fəaliyyətin mühüm tərkib hissəsi sayılıb. Harada bir quruculuq tədbiri aparılıbsa, həmin yerdə abadlıq işləri görülüb, ağaclar əkilib, yaşıllıqlar salınıb, aidiyyəti orqanlar tərəfindən həmin ərazinin təmizliyi diqqət mərkəzində saxlanılıb. Hətta quruculuq işlərinin aparılmadığı ərazilərdə də ətraf mühitin təmizliyi qorunub, elliklə bu işə əmək sərf edilib.
Son illərdə fəaliyyətindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq Naxçıvan şəhərinə gələn insanların birmənalı olaraq işlətdiyi ifadələrdən biri də budur: “Naxçıvan çox təmiz şəhərdir”. Bu fikirləri həm yerli, həm də xarici qonaqların dilindən çox eşitmişik. Bu təmizliyin yaradılmasında isə hərənin özünəməxsus rolu, hər qurumun öz payı vardır. Ancaq şəhərimizdə müşahidə olunan bu səliqə-sahmanın yaradılmasında, il boyu fasiləsiz olaraq yaşayış massivlərinin ərazilərində məişət tullantılarının təmizlənməsində Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin zəhmətkeş kollektivinin daha böyük əməyi vardır.
İdarənin baş mexaniki Sani Seyidov deyir ki, Naxçıvan şəhərinin fasiləsiz təmizlənməsi məqsədilə Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsi üçün hərtərəfli imkan yaradılıb. Məişət tullantılarının vaxtlı-vaxtında toplanması və şəhərdən kənarlaşdırılması işində mühüm rol oynayan maşın və mexanizmlərlə təminat dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Hazırda idarənin balansında müxtəlif markalı 35 tullantı daşıyan avtomaşın, 10 “Jomston” markalı süpürgə maşını, 1 “CAT” markalı ekskavator, qış aylarında istifadəsi nəzərdə tutulan 4 qarkürüyən və 3 qumsəpən vardır. Bu texnikalar şəhərdə təmizlik işlərinin vaxtında və keyfiyyətlə aparılmasını, məişət tullantılarının yığılmasını və daşınmasını yüksək səviyyədə həyata keçirməyə imkan verir. Görülən işin nəticəsidir ki, indi şəhərimizin hər küçəsində bir neçə məişət tullantısı qutusu vardır və bu qutular vaxtlı-vaxtında boşaldılır, tullantıların ətrafa yayılmasına imkan verilmir.
Həmsöhbətim bildirdi ki, idarənin kollektivi icra nümayəndəliklərinə və mənzil-istismar sahələrinə aid ərazilər də daxil olmaqla, Naxçıvan şəhərinin bütün ünvanlarında 3 qrup üzrə günün müxtəlif vaxtlarında təmizlik işləri aparır. Digər 20 nəfərlik 2 qrup isə gün ərzində növbətçilik edir, abadlıq, tikinti-quruculuq tədbirləri ilə əlaqədar olaraq yaranan tullantıları dərhal şəhərdən kənarlaşdırır.
Təmizlik işləri təkcə şəhərin mərkəzi küçələri ilə məhdudlaşmır. Eyni zamanda ətraf məhəllələr və kəndlər də diqqətdə saxlanılır. Bu məqsədlə şəhərətrafı kəndlərin müxtəlif ünvanlarında tullantıların ətrafa yayılmaması üçün nəzərdə tutulan yerlərdə xüsusi qutular qoyulub.
Şəhərdə olarkən Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin təmizlik aparan bir əməkdaşına yaxınlaşdıq. İllərdir şəhərimizin təmizliyi ilə məşğul olan Ruslan dedi ki, səliqə-sahman yaratmaq, təmizlik işləri görmək yaxşı əməldir, sağlamlıq və gözəllikdir. Ata-babalarımız “təmizlik imandan gəlir” kəlməsini nahaqdan deməyiblər. Son illər muxtar respublikamızın paytaxtında ətraf mühitin mühafizəsi, insanlarda ətraf mühitə qayğının formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. İstər yağışlı bahar günlərində, istər küləyin yarpaqları sağa-sola sovurduğu payızda, istərsə də qarlı-çovğunlu qış fəslində paytaxt Naxçıvan şəhəri təmiz və səliqəli görünür. Ancaq, təəssüf ki, bəzi şəhər sakinləri hələ də muxtar respublika paytaxtının təmizliyinə soyuq münasibət göstərir, məişət tullantılarını hara gəldi atırlar. Bu cür insanların sayı xeyli azalsa da, hələ də belələrinə rast gəlirik. Ancaq biz unutmamalıyıq ki, bu şəhər bizim evimizdir və hamımız bu evin təmizliyi üçün çalışmalıyıq. Əgər yaşadığın mühitdə təmizliyi qorusan, təbiət də bunun əvəzini sənə sağlamlıq bəxş etməklə, gümrah olmaqla ödəyəcək.
Mövzuya bir az dərindən yanaşsaq görərik ki, təmizlik məsələsi heç də sıradan bir məsələ deyil. Hətta inkişaf etmiş ölkələrdə də tullantılarla bağlı ortaya çıxan problemlər artıq qlobal xarakter daşımağa başlayıb. Çünki söhbət ətraf mühitin, ekologiyanın mühafizəsindən gedir. Əgər görülən işlərin hər birinin sonunda insan amili dayanırsa, demək ki, abad və təmiz mühitdə yaşamaq insanların haqqıdır. Yetər ki, bu haqqı tanıyan və tanıdan bir ölkədə, təmiz bir şəhərdə yaşayasan. Bu mənada, inanırıq ki, Naxçıvanın ekoloji tarazlığının qorunması, təmiz şəhər kimi daha da gözəlləşməsi məsələsi gələcəkdə də həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsini təşkil edəcəkdir.
Ayxan Hüseynli
“Nuh yurdu” qəzeti