Torpaq şəxsiyyəti yetişdirir, yoxsa şəxsiyyət torpağı?

A- A A+

Bəzən bir sual min cavabdan daha qiymətli olur. "Torpaq şəxsiyyəti yetişdirir, yoxsa şəxsiyyət torpağı?" sualı da belə suallardandır. Gəlin ilk öncə etiraf edək ki, insan doğulduğu torpağın övladıdır. O, həmin torpağın üzərində ilk addımlarını atır, dilini danışır, suyunu içir, havasını udur, adət-ənənəsi ilə böyüyür. Əgər bu məqamlara istinad etsək qəbul etməliyik ki, torpaq şəxsiyyət yetişdirir.

Ancaq dönüb tarixə nəzər yetirdikdə başqa bir həqiqət və yaxud mənzərə ortaya çıxır. Dünyanın bir çox yerlərində torpaqların adı onların daşına, torpağına görə deyil, yetişdirdiyi böyük insanlara görə yaşayır. Onda belə aydın olur ki, torpaq şəxsiyyəti doğurur, şəxsiyyət isə torpağa əbədiyyət qazandırır.

İngiltərəni dünyaya Uilyam Şekspir tanıtdı. Rusiyanı Fyodor Dostoyevski, Lev Tolstoy, və Anton Çexov dünya ədəbiyyatının zirvəsinə qaldırdı. Amerikanı Ernest Heminquey, Mark Tven, Almaniyanı Martin Lüter, Albert Enşteyn, İmanuil Kant, İtaliyanı Dante, Leonardo da Vinçi təbliğ etdi. Fransanı Viktor Hüqo, Mari Küri və Lui Paster şöhrətləndirdi. Hindistan deyəndə Mahatma Qandi və Rabindranat Taqor yada düşür. Cənubi Afrika Nelson Mandela ilə tanındı. Çexiyanı Frans Kafka, Norveçi Henrik İbsen, İrlandiyanı Oskar Uayld, Yunanıstanı Sokrat, Platon və Aristotel, Çini Konfutsi, Yaponiyanı Akira Kurosava və Haruki Murakami, Kubanı Xose Marti, Argentinanı Dieqo Maradona, Braziliyanı Pele tanıtdı.

Ölkənin də əraziləri belədir. Naxçıvan deyəndə Mİrzə Cəlil, Hüseyn Cavid və Məmməd Araz yada düşürsə, Şəki deyəndə Mirzə Fətəli Axundzadə, Bəxtiyar Vahabzadəni xatırlayırıq. Qazax deyəndə Səməd Vurğun və İsmayıl Şıxlı, Şuşa deyəndə Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvan göz önünə gəlir.

Lap elə götürək Nobel mükafatçılarını. Onlar vətəndaşı olduğu ölkənin adını unudulmaz və əbədi edirlər. Mari Küri Polşanı və Fransanı, Nils Bor Danimarkanı, Albert Eynşteyn Almaniyanı, Məhəmməd Yunus Banqladeşi, Malala Yusifzay Pakistanı, Əziz Sancar və Orxan Pamuk Türkiyəni, Qabriel Qarsia Markes Kolumbiyanı dünyaya daha yaxından tanıdan şəxsiyyətlərdəndir.

Siyasətdə də eyni mənzərənin şahidi oluruq. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik məktəbini formalaşdırdı. Mustafa Kamal Atatürk Türkiyənin müasir dövlətçilik tarixini yazdı. Mahatma Qandi Hindistanın azadlıq simvoluna çevrildi. Nelson Mandela Cənubi Afrikanın səsi oldu. Vinston Çörçill Böyük Britaniyanın mübarizə ruhunu alovlandırdı. 

Düşünün: Əgər Şekspir olmasaydı, bəlkə də milyonlarla insan Stratford şəhərinin adını bilməyəcəkdi. Tolstoy olmasaydı, Yasnaya Polyananın şöhrəti dünyaya bu qədər yayılmayacaqdı. Viktor Hüqo olmasaydı Parisin Notr-Dam kilsəsini heç kəs tanımayacaqdı. Bəlkə də Hüseyn Cavid olmasaydı, Naxçıvanın sevginin və gözəlliyin şəhəri olmayacaqdı.

Gəlin etiraf edək ki, şəxsiyyətlər təsadüfən yaranmır. Onların mənəviyyatını ailə, xalq, dil və Vətən formalaşdırır. Torpaq toxum kimidir, şəxsiyyət isə o toxumdan boy atan Çinar. Onun kökü torpaqda olsa da, kölgəsi bütün dünyaya yayılır. İnsanın ömrü torpaqdan başlayır, amma torpağın şöhrəti insanla sonsuzluğa qovuşur. Mənim düşüncəmə görə torpaq şəxsiyyət yetişdirir, lakin şəxsiyyət torpağı əbədiləşdirir. Nəticə etibari ilə Vətən şəxsiyyəti dünyaya gətirsə də, şəxsiyyət Vətəni dünyaya tanıdır. 

Fariz ƏHMƏDOV

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: