Qarpız əkinlərinə geniş yer verilir

A- A A+

Naxçıvanın hər daşı tarix, hər gülü, çiçəyi min bir dərdə dərmandır. Naxçıvan şəhərindən təxminən 8 kilometr aralıda, Araz çayının yaxınlığındakı Nehrəm kəndi isə  özünün bostan bitkiləri ilə, xüsusən də qarpızı ilə tanınır. Erkən yazda nehrəmlilər bu nemətin ərsəyə gətirilməsi üçün bütün zəhmətlərini səfərbər edirlər. Mövsümdə elə ailələr var ki, bostan bitkilərindən əldə etdiyi qazanc hesabına yeni yurd salır, avtomobil alır, bir sözlə, gün-güzəranını torpağa bağlamaqla qazanan da elə özü olur. Artıq rayonun Yarımca, Araz, Hacıvar, Güznüt  kəndlərində də qarpız əkinlərinə geniş yer verilir.

İndi Naxçıvan-Culfa magistral yolu boyu-“Pircüvar düzü”ndə torpaq mülkiyyətçilərinə addımbaşı rast gəlmək mümkündür. Əkinlərin xüsusən bu ərazidə aparılması məhsuldarlığın yüksək olması ilə bağlıdır. Bir maraqlı faktı da nəzərinizə çatdıraq ki, əvvəllər Nehrəm qarpızı iyul-avqust aylarında bazara çıxarılırdısa, indi bir çox dərdlərin  dərmanı olan bu bostan məhsulu iyun ayında alıcıya təqdim edilir. İlk olaraq insanda bu fikir yaranır ki, onun tez ərsəyə gəlməsinə gübrə və istixana amili təsir edir. Lakin heç də belə deyil. Səbəb odur ki, toxum torpağa tez salınır və şırımların üzərinə çəkilən müşəmbə  örtüyün üzərindən vuran günəş şüaları tağların tez böyüməsinə səbəb olur.

Torpaq mülkiyyətçiləri deyirlər ki, martın sonu, aprelin əvvəllərində toxumları torpağa basdırmaq lazımdır. Həm də qarpızı harada gəldi əkmək olmaz. Gərək ya köhnə yonca yerinə əkəsən, ya da ən az iki il dincə qoyulmuş xam torpaq sahəsinə. Məhsul yetişənədək gərək 3-5 dəfə bol su verəsən. Qarpız suyu sevən  bostan bitkisidir.

Torpaq mülkiyyətçiləri “Ailə təsərrüfatları ili”ndə yeni meyvə bağları da salırlar. Qarpızdan isə turşu, mürəbbə hazırlayıb payız aylarında keçirilən ənənəvi festivala çıxarmaq fikrindədirlər. Bunun üçün indidən zəhmət çəkmək lazımdır.

Qeyd edək ki, rayonda bostan bitkilərinin əkinlərinə geniş yer verilir. Babək rayonunda bu il 300 hektarlıq ərazidə qarpız-qovun əkiblər.   

Tofiq Abutalıbov

“Şərqin səhəri qəzeti”

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: