“Naxçıvan Muxtar Respublikasının-95 illiyi” işığında pedaqoji düşüncələr

A- A A+

Bu il canımla, qanımla–bütün varlığımla sevdiyim gözəl vətənim Azərbaycanın dağ vüqarlı bir hissəsi olan Naxçıvana muxtar respublika statusu verilməsinin 95 illiyidir.  Bəlli olduğu kimi, xalqımızın qeyrətli oğullarının  ciddi səyləri nəticəsində 9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradıldı. Bütün bu tarixi gerçəkliklər və bundan sonrakı hadisələr təfərrüatı ilə yazılıb, kitablar və monoqrafiyalar nəşr edilib. Buna  görə də mən yazılanları təkrarlamaq fikrində deyiləm; tarixi nailiyyətimiz olan müstəqilliyimizə, müstəqil dövlətimizə, inkişafımıza heyranlıq, vurğunluq duyğularımı dilə gətirmək düşüncəsindəyəm.

Mənim həyatım bütünlüklə Naxçıvanla bağlıdır. Əlli ilə yaxındır, sevdiyim, seçdiyim, qəlbən bağlandığım bir peşədə çalışıram; yetişən nəslin təlim-tərbiyəsi ilə məşğulam. Müəllimlik, əlbəttə, mürəkkəb, məsuliyyətli peşədir. Müəllim tərəf müqabilini öyrədir, inkişaf etdirir, ən ümdəsi tərbiyələndirir; bu qeyd edilənlər müəllimin dəqiq vaxt çərçivəsində dediyi dərsin müəyyənləşmiş ümumi funksiyalarıdır. Dərsin bu funksiyaları içərisində tərbiyənin əlahiddə əhəmiyyəti və rolu heç vaxt diqqətdən kənarda qalmamalıdır. Gənc nəslin ahəngdar tərbiyəsi prosesində əsas qayəni vətən, millət, dil anlayışları təşkil edir; yəni hazırda vətəninə, millətinə, dilinə, dövlətinə, dövlətçiliyə sadiq insanların hazırlanması tərbiyənin əsas məqsədidir. Əlbəttə, müəllim özü sevməsə, sevdirə bilməz. Müəllim üçün aydın olan bir həqiqət var: vətənsiz millət olmaz, millətin varlığı dillə bağlıdır, vətənin tərəqqisini, inkişafını, vətəndaşların maddi rifahını dövlət həll edir; həm də dəqiq  millət adında təşəkkül tapmış xalq öz doğma vətənində rahat yaşasın deyə vətən göz bəbəyi kimi qorunmalıdır.

Ona görə də tərbiyəvi iş prosesində diqqət mərkəzində saxlanılan əsas bir məsələ var: Vətən! Biz həmişə vətəni ana adı ilə eyniləşdirib, çox vaxt “Ana Vətən” deyirik. Deməli, vətən də ana qədər əzizdir, müqəddəsdir; vətən bizim həm də namusumuz, qeyrətimizdir. Bu barədə kifayət qədər əsərlər yazılıb, fikirlər söylənilib, onların bir çoxunu əzbər bilirik. Vətən tarixində baş verən qanlı hadisələri heç vaxt unutmuruq, bu hadisələrin ildönümlərini böyük ürək ağrısı ilə qeyd edirik. Bizə düşmən kəsilən, deyərdim ki, türklərə, azərbaycanlılara patoloji nifrət bəsləyən bir qəvi düşmənimiz var: ermənilər. Ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin bir daha təkrar olunmaması, Vətən torpaqlarının bir daha itirilməməsi  üçün dövlətimiz (müstəqil dövlətimiz- bu, əsas şərtdir), əlbəttə, ciddi tədbirlər həyata keçirib.

Bizim bir vətənimiz var-gözəl Azərbaycan. Naxçıvan onun tərkibində, tarixçilərin dediyi kimi, eksklav ərazi prinsipi, yəni ölkənin əsas ərazisindən ayrı düşmə prinsipi ilə yaranan muxtar respublikadır. Naxçıvanın inkişafı Azərbaycan müstəqillik əldə etdikdən sonra vüsət almağa başlayıb.  Naxçıvanın muxtariyyət statusunun saxlanması inkişafın əsas şərtlərindən biri olub. Xalqımızın dahi oğlu Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətini yüksək qiymətləndirib: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının da qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbər qurum kimi təsis edilməsi Naxçıvanın sürətli inkişafına vəsilə oldu. Naxçıvanın kənd, qəsəbə və şəhərləri sürətlə inkişaf etdi. Bütün kəndlərdə məktəblər, kənd mərkəzləri, iaşə obyektləri tikildi, yollar, körpülər yeniləndi, tarixi abidələr bərpa edildi, yeni binalar inşa olundu, bir sözlə, Naxçıvanda qısa müddətdə yüz illərə bərabər işlər görüldü. Ən uğurlu qələbə-Günnüt və ətraf ərazilərin işğaldan azad edilməsi Ulu öndərin dahiyanə fikirlərinin real nəticəsi kimi meydana çıxdı.

Bu gün Azərbaycan dövləti təhsil sistemində təhsilin metodoloji əsasının formalaşması, təhsilin məzmun və istiqamətinin düzgün müəyyənləşdirilməsi imkanı yaradıb. Naxçıvan MR Ali Məclisi Sədrinin təhsil tariximizə qızıl hərflərlə yazılmış bir sıra dövlət fərmanları pedaqoji fikir tariximizə və məktəbşünaslığa öz sanballı töhfəsini verməkdədir. Ali təhsil müəssisəsinin müəllimi kimi uzun illərdən sonra oxuduğum və işlədiyim məktəbə gedib nümunəvi dərslərdə iştirak etmək mənim üçün qürurverici xoş xatirəyə çevrilməkdədir. Vaxtilə şagird kimi təmsil olunduğum Şərur rayonunun Axura, işlədiyim Şəhriyar kənd məktəblərində müəllim kimi öz töhfəmi vermək həm də mənim şərəf, məslək borcumdur. Bu gün oxunması zəruri olan kitablar  milli və dünyəvi dəyərləri ehtiva edən sanballı mənbə kimi pedaqoji prosesə cəlb olunub.

Uşaqlarımızın və gənclərimizin müstəqil dövlətimizə, dövlətçilik ənənələrinə sadiqlik ruhunda tərbiyə edilməsi, onlarda bu barədə iftixar duyğusunun gücləndirilməsi də tərbiyənin qarşısında duran əsas vəzifələrdən biridir. Dövlət rəhbərlərinə ehtiram və hörmət həm də bizim milli mentalitetimizə aid məsələdir. Dövlət rəhbərlərini seçmişik, onlara ehtiram borcumuzdur. Müəllim, tərbiyəçi adını daşıyan heç bir şəxs bunu unutmamalıdır. Dövlətimizə, dövlət başçılarına inam həm də dövlətin sarsılmazlığının əlamətidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikaya yüksək səviyyədə rəhbərliyi, vətənimizin, millətimizin, dilimizin ən layiqli təəssübkeşi olduğu göz qabağındadır və görülən işlər bunların əyani sübutudur.

Ümumən ölkəmizdəki böyük nailiyyətləri, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, yeni istiqamətlərdə inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun apardığı məqsədəuyğun siyasəti düzgün qiymətləndirmək və bu istiqamətdə tərbiyə işini qurmaq pedaqoji prosesin aparıcı qüvvəsi olan müəllimlərin vəzifə borcudur.

 

                                                                Akif İmanlı,

                                                               Naxçıvan Müəllimlər İnstitutunun professoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: