AMEA-nın müxbir üzvü, mərhum dilçi-alimimiz Adil Bağırovla aramızda böyük yaş fərqi olmasına baxmayaraq, yaxın dost idik. Onunla on ilə yaxın bir yerdə – AMEA Naxçıvan Bölməsində çalışmağımız isə bu dostluğu daha da dərinləşdirmişdi. Adil Bağırov həmçinin 2009-cu ildən redaktoru olduğum “Nuh yurdu” qəzeti ilə də yaxından əməkdaşlıq edən dəyərli ziyalılarımızdan idi.
Xəstəliyinin ağırlaşdığı son günlərində Adil müəllimə baş çəkməyə getmişdim. Xeyli söhbət etdik. O, böyük inam və həvəslə gələcək planlarından, apardığı elmi araşdırmalardan danışırdı. Sözarası:
-Naxçıvan şəhərinin qədim məhəllələri haqqında yeni bir yazım var, sizin qəzet üçün yaxşı materialdır - dedi.
Sonra həyat yoldaşını səslədi:
– Zəhmət olmasa, masanın üstündəki o vərəqləri bura gətir!
Adil müəllim həyat yoldaşının gətirdiyi vərəqlər arasından bir neçəsini seçib dəstələdi və mənə uzadaraq dedi:
– İmkan olsa, dərc edərsən. Kompüterdə yenidən yazdırma! Bir az dirçəlim, elektron variantını da ünvanınıza göndərəcəm.
Ancaq ömür vəfa etmədi. O, bir neçə gündən sonra dünyasını dəyişdi.
Adil müəllimin ölümündən sonra bir müddət iş masamın üstündə qalan həmin vərəqlər mənə əzab verirdi. Götürüb işlənməsi, daha doğrusu, kompüterdə yazılması lazım olan yazıların qovluğuna qoydum.
Bu günlərdə şəxsi arxivimi səliqəyə salarkən həmin vərəqlər yenidən qarşıma çıxıb mənə köhnə bir dost təsiri bağışladı. Təkrar oxudum. Gözəl məqalə, həqiqi alim araşdırması idi.
–Müəllif dünyasını dəyişsə də məqalə ölməzdir, gözəldir, lazımlıdır, dəyərlidir, – deyə düşündüm və dəyərli oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb çapa hazırladım.
Görkəmli alim, dəyərli ziyalı Adil Bağırovun xatirəsini dərin ehtiramla yad edir və həmin məqaləni oxucularımıza təqdim edirik.
***
Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” 2011-ci il 7 iyun tarixli Sərəncam imzalayıb. Həmin Sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi Naxçıvan şəhərinin tarixinin öyrənilməsi, tədqiq edilməsi, müstəqillik dövründə bu məsələyə yeni baxışın formalaşdırılması, tarixi reallıqların beynəlxalq aləmə çatdırılması, yeni tədqiqat sahələrinin yaranması üçün geniş meydan açdı. Muxtar respublikamızda Sərəncamla bağlı silsilə tədbirlərin həyata keçirilməsi keçmiş SSRİ dövründə “həlli mümkün olmayan” məsələlərin həlli yollarını açdı, uzun illər tariximizi, keçmişimizi təhrif edən, ona xor baxan “tədqiqatçı”ların fikir və mülahizələrini alt-üst etdi. Bu Sərəncam həmçinin indiyə qədər elmə məlum olmayan qaranlıq məsələlərin həllinə yeni baxış, yeni düşüncə tərzi formalaşdırdı, şəhər mədəniyyətinin daha dərindən və hərtərəfli şəkildə öyrənilməsi məsələlərini qarşıya qoydu.
Bəşər sivilizasiyasının ilkin mərkəzlərindən biri olan Naxçıvanda şəhərsalma mədəniyyətinin formalaşması və inkişafı tarixi çox qədimdir. Bunu bölgədə aparılan arxeoloji qazıntılar, ilkin yaşayış məskənlərinin qalıqları, möhtəşəm qala divarları, sığınacaq yerləri, qayaüstü rəsmlər, min illərin tarixini yaşadan abidələr, elmi tədqiqat işləri, dağlara, daşlara möhürlənmiş qədim toponimlər sübut edir. Müasir dövrdə xalqımızın keçmişini, tarixini, dilini, coğrafiyasını, adət-ənənəsini və məişətini özündə əks etdirən, hələ də sirri bizə məlum olmayan toponimlərlə bağlı problemlər çoxdur. Respublikamızda və onun hüdudlarından kənarda mövcud olan, milli mənsubiyyətimizi təsdiqləyən, tariximizin qaranlıq səhifələrinə işıq salan, sirli-soraqlı anlarını üzə çıxaran toponimləri daha dərindən və ətraflı şəkildə tədqiq etmək günün ən aktual məsələlərindən biridir. Çünki hər bir yer-yurd adında xalqın taleyi, onun minillərlə ölçülən tarixinin izləri yaşayır. Belə izləri qoruyub saxlayan toponimlər içərisində aşağıda qeyd olunan məhəllə və meydan adları xeyli maraqlıdır:
Qala məhəlləsi
Hazırda Naxçıvan şəhərindəki İmamzadə ziyarətgahının ətrafını əhatə edən ərazi Qala məhəlləsi adlanır. Naxçıvanqala yaxınlığında olan bu məhəllənin adına 1590-cı ildən üzü bəri müxtəlif tarixi sənədlərdə, eləcə də XVI-XIX əsrlərə aid mənbələrdə rast gəlinir. Qala məhəlləsi xalq arasında “Qala dibi” məhəlləsi adı ilə də tanınmışdır. Bu məhəllə öz adını Naxçıvanqala adından almışdır.
Qala məhəlləsi Naxçıvanqala ilə yaşıddır. Tariximizin ən qədim dövrlərinin yadigarı olan Qala məhəlləsinin adını qorumaq və gələcək nəsillərə çatdırmaq üçün məhəllənin adı əbədiləşdirilib, ətraf ərazilərdə geniş tikinti işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Şahab məhəlləsi
Naxçıvan şəhərinin qədim və müasirləşmiş məhəllələrindən biri də Şahab məhəlləsidir. Məhəllənin yerləşdiyi ərazinin relyef quruluşu, meydanətrafı döngə və tinləri, qədim tikililər məhəllənin ulu keçmişindən xəbər verir. Bu ad uzun illərdir “Şahab məscidi”, “Şahab məhəlləsi” adlarında özünü qoruyub saxlayır.
“Şahab” adı lap qədim zamanlardan məlum olsa da, bu ada 1590-cı ilə aid mənbədə rast gəlinir. XIX əsrdə Naxçıvanı tədqiq edən rus şərqşünasları V. Qriqoryev və İ. Şopen Şahab məhəlləsinin Naxçıvan şəhərinin əsas məhəllələrindən biri olduğunu yazıblar. “Şahab” sözü yarandığı vaxtdan heç bir fonetik dəyişikliyə uğramadan mənbələrdə eyni variantda yazılıb.
Dilimizdə Şahab adının mənası ilə bağlı müxtəlif fikirlər var. Ehtimala görə bu ad İmam Museyi Kazımın dörd oğlunun Naxçıvana gəlib İslam dinini yaymaları ilə əlaqədar yaranmış, ərəbcə “Məhəmməd peyğəmbərin tərəfdarları” mənasında işlənən “səhabə” sözü əsasında formalaşıb, zaman keçdikcə “Şahab” şəklinə düşüb. Digər fikrə görə isə Şahab adı “şaha məxsus su”, “yüksək keyfiyyətli su” mənaları ilə bağlı yaranıb. Elə bunun nəticəsində mərhum coğrafiyaşünas-alim Ə. Əliyev adın mənşəyini ərazidəki gur su ilə əlaqələndirərək Şahab məhəlləsinin çox güman, ərazisində vaxtilə gur su, yaxşı su olmasına görə belə adlandırıldığını yazıb. Əslində isə, məhəllə adı kəngərlilərin böyük tayfalarından biri olmuş Şahbanlular tayfasının adı ilə bağlı yaranmışdır. Bu məhəllədə yaşayan Şahbanlular məhəllənin formalaşması və inkişafında mühüm rol oynayıblar. Elə bu səbəbdən də məhəlləyə Şahbanlular adı verilib, bu ad canlı danışıq dilində tədricən Şahab şəklinə düşüb.
Xıncov məhəlləsi
“Xıncov” Naxçıvan şəhərində qədim məhəllə adıdır. Bu ad 1728-ci ilə aid mənbələrdə Xıncav şəklində, XIX əsrə aid mənbələrdə isə Xıncap, Xıncab variantlarında qeydə alınıb. “Xıncab” adı çətin izah olunan toponimdir. Fikrimizcə, bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Çünki məhəllə Babək rayonunun Xıncab kəndindən Naxçıvan şəhərinə köçən ailələr tərəfindən salındığı üçün belə adlandırılıb. Adın “xınc” komponenti Naxçıvanın dialekt və şivələrində “bir ovuc”, “əzik-üzük”, “ovulmuş” mənalarında işlənir, “ab” isə su deməkdir. Demək, Xıncab sözü “bir ovuc su”, “ovulmuş daşlıqdan, çınqıllıqdan çıxan zinə su” mənasında izah olunur.
Xoşulu məhəlləsi
Naxçıvan şəhərinin qədim məhəllə adlarından biri də Xoşuludur. Bu ada XIX əsrə aid mənbələrdə rast gəlinir. Məhəllə Heydər Əliyev Muzeyinin arxa hissəsindəki yaşayış binalarının ətrafını əhatə edir.
Xoşulu adının mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Ordubad rayonu ərazisində Nuh peyğəmbərin adı ilə bağlı olan yerlərdən biri də “Xoşlu” dağıdır. “Xoşa gəlmək” mənasında başa düşülən Xoşlu adı burada məskunlaşan tayfalardan birinin adı ilə bağlıdır. Dağıstanın Xoşnu kənd sakinlərinin əcdadları da bu yerlərdən köç edən “Xoşlu” tayfasının nümayəndələrinin törəməsi ola bilər.
Araşdırmalar Naxçıvan bölgəsindəki məhəllə və meydan adlarının heç birinin alınma olmadığını sübut edir. Bu adlar yerli sakinlərin mənsub olduğu nəsil, sülalə, tayfa, tirə adları, əhalinin peşə və məşğuliyyəti ilə bağlı yaranıb. “Xoşulu” məhəllə adı da Kəngərlilərə məxsus tirə adı əsasında yaranmış addır.
Kəngərli məhəlləsi
“Kəngərli” Naxçıvan şəhərində keçmiş məhəllə adlarındandır. Məhəllənin hansı ərazidə yerləşdiyi məlum deyil. Deyilənə görə, Möminə Xatın məqbərəsi ilə Naxçıvanqala arasında yerləşən Qala məhəlləsinin bir hissəsi bu adı daşıyırmış.
Kəngərli məhəlləsinin adı eyniadlı tayfanın adı ilə bağlıdır. Vaxtilə Naxçıvanın əsas yaşayış sahəsi olan Möminə xatın türbəsi və Naxçıvanqala ətrafında yaşayan kəngərlilər yurd saldıqları məhəlləyə öz tayfa adlarını veriblər.
Məhəllə və meydan adları xalqımızın milli mənəvi sərvəti, bölgədə şəhərsalma mədəniyyətini təsdiqləyən ən etibarlı mənbələrdən biridir. Belə adları toplamaq və öyrənmək tarixi baxımdan son dərəcə böyük maraq doğurur. Bu adlar xalqımızın dil tarixi, yaşam tərzi, el-obanın adət-ənənəsi, peşə və məşğuliyyət sahələri haqqında təsəvvürü genişləndirir, qan yaddaşımızla bağlı bir çox qaranlıq mətləblərin açılmasında mühüm rol oynayır.
“Nuh yurdu” qəzeti