Çinin rəsmi “Sinxua” xəbər agentliyi bu ölkənin istehsalı olan elektrikli avtobusların Azərbaycanın şəhərlərindən istifadəsi haqqında geniş reportaj hazırlayıb.
NUHÇIXAN xəbər verir ki, jurnalist Lu Şuçenin müəllifi olduğu reportajda bakılı sürücü Nurlan Salmanlıya istinadla deyilir: “Elektrikli avtobusları idarə etməyə başlayanda, onların tamamilə fərqli maşın olduğunu anladım. Əsas fərq onların sakit işləməsidir: gediş çox rəvandır, səs-küy və titrəmə yoxdur. Ən əsası, onlar ekoloji cəhətdən təmizdir”.
Müəllif qeyd edir ki, bakılı sürücü əvvəllər sıxılmış təbii qazla işləyən avtobuslar sürüb. 2024-cü ildə Bakıda keçirilən COP29 iqlim konfransından əvvəl Çindən gətirilən 160 ədəd tam yığılmış BYD elektrikli avtobusu Azərbaycan paytaxtında istifadəyə verilib. Onlar Nurlan Salmanlının xidmət etdiyi marşrutda mövcud avtobusları əvəz edib.
Reportajda vurğulanıb ki, Azərbaycan ekoloji cəhətdən daha təmiz nəqliyyat növlərinə keçidi sürətləndirdikcə, Bakının ictimai nəqliyyat sistemində böyük dəyişikliklər baş verir. BYD şirkətinin hesablamalarına görə, ildə 90.000 km məsafə qət edən elektrikli avtobus təxminən 27.000 litr dizel yanacağına qənaət edir və karbon qazı tullantılarını ildə 66 tona yaxın azaldır. Müəllif qeyd edib: “2026-cı ilin yazında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin dərc etdiyi məlumatlara görə, Bakıda gündə təxminən 2350 avtobus, o cümlədən 300-dən çox BYD elektrikli avtobusu fəaliyyət göstərir. Bu elektrikli avtobusların bəziləri Bakıdan təxminən 30 km şimal-qərbdə yerləşən Sumqayıt Sənaye Parkındakı “BYD Azerbaijan Energy Automotive Factory” MMC-də yığılıb”.
Diqqətə çatdırılıb ki, bu zavod Azərbaycan Biznesin İnkişafı Fondu, SARDA Qrupu və BYD-nin birgə təşəbbüsü ilə yaradılıb. Yığılmış ilk 12 metrlik BYD elektrik avtobusu 2025-ci ilin sentyabr ayında təhvil verilib. Bu günə qədər şirkət 300 BYD elektrikli avtobusu təhvil verib. Çinli mütəxəssislər texniki məsələlərdən tutmuş keyfiyyətə nəzarətə qədər hər mərhələdə azərbaycanlı həmkarlarına kömək ediblər. Onlar, həmçinin istehsal təcrübələrini və biliklərini yerli istehsalçılarla bölüşürlər. Hazırda zavodda təxminən 100 azərbaycanlı işçi çalışır.
Reportajda Azərbaycan İqtisadiyyat Nazirliyinin Layihələrin idarə edilməsi şöbəsinə istinadla qeyd edilib ki, Çin şirkətləri ilə əməkdaşlıq Azərbaycanın təkcə yaşıl texnologiyaların idxalçısı olmaqdan yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin istehsalına və istismarına keçməsinə, habelə gələcəkdə bu cür məhsullarla regional bazarlara çıxmasına kömək edir.
