Naxçıvan şəhərinə, Ordubad və Culfa rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçıları kollektivlərə təqdim ediliblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, avqustun 5-də Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 avqust tarixli sərəncamları ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Anar Babayev, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Nurlan Hacıyev və Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Naim Cahidzadə ictimaiyyətə və müvafiq kollektivlərə təqdim ediliblər.

Təqdimat mərasimlərindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və yeni təyin olunmuş icra hakimiyyəti başçıları Naxçıvan şəhərində, Ordubad və Culfa rayon mərkəzlərində Ümummilli Lider Heydər Əliyevin abidələrini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Təqdimat mərasimlərində çıxış edən səlahiyyətli nümayəndə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamlarını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində vətəndaş məmnunluğu, sosial rifahın yüksəldilməsi və dövlət-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması dayanır. Vurğulanıb ki, vətəndaş müraciətlərinə həssas yanaşılmalı, onlar operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməli, dövlət qulluqçuları əhali ilə münasibətdə yüksək etik davranış nümunəsi göstərməlidirlər.

Ceyhun Cəlilov korrupsiyaya qarşı mübarizə, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, kadr potensialının gücləndirilməsi, torpaq, su və mineral ehtiyatlardan, eləcə də dövlət əmlakından səmərəli istifadə olunması, ekoloji tarazlığın qorunması, sahibkarlığın inkişafı və bu sahədə şəffaflığın təmin edilməsi, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Qeyd olunub ki, qarşıda duran əsas vəzifələr Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də içməli və təsərrüfat suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində dövlət başçısının müvafiq tapşırıqları istiqamətində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsidir. Bildirilib ki, bu proqramların uğurla həyata keçirilməsi muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, əhalinin rifahının daha da yüksəldilməsinə və regionların dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Səlahiyyətli nümayəndə Naxçıvan şəhəri, Ordubad və Culfa rayonlarının yeni icra hakimiyyəti başçılarını göstərilən yüksək etimada görə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb və Azərbaycan Respublikası Prezidentinin muxtar respublikanın inkişafı ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev çıxış edərək onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar dövlət başçısının qarşıya qoyduğu tapşırıqları vaxtında və layiqincə yerinə yetirmək, vətəndaş məmnunluğunu təmin etmək, əhalinin sosial rifahının yüksəldilməsi və müvafiq ərazilərin davamlı inkişafı naminə bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini vurğulayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: