Bu ilin may ayında görkəmli ədəbiyyatşünas və tənqidçi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyi tamam olur. Ölkə başçısının imzaladığı sərəncamla görkəmli elm xadimi Məmməd Cəfərin 110 illiyi geniş şəkildə qeyd edilir.
Akademik Məmməd Cəfər ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edib, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirib. O, görkəmli ədəbiyyatşünas, tənqidçi olmaqla yanaşı, həm də ədəbiyyatı dildən ayırmayan, onları vəhdətdə qavrayan, onlara düzgün qiymət verən bir linqvist idi. Bu mənada Məmməd Cəfər sözün həqiqi mənasında dilçidir.
Məmməd Cəfər yaradıcılığında dil məsələlərinin xüsusi yeri və çəkisi var. O, həm Nizami Gəncəvidən, həm Məhəmməd Füzulidən, həm Mirzə Fətəli Axundzadədən, həm Sabir və Cəlil Məmmədquluzadədən, həm Hüseyn Caviddən bəhs edəndə dil məsələlərini unutmur, ədəbiyyatın əsas materialı olan bədii sözün tutumunu, çalarlarını, ifadə imkanlarını, üslubi məqamlarını, sözdən istifadə imkanlarını da araşdırır.
Bu sadaladığım məsələləri və məqalənin həcmini nəzərə alıb biz burada alimin dilimiz haqqındakı bütün fikirlərindən deyil, sırf dilçiliklə bağlı yazılmış bir neçə məqaləsindən bəhs etmək istəyirəm.
Azərbaycan dilçiliyinin tarixindən məlumdur ki, keçən əsrin 50-ci illərinə qədər bu elm çox zəif inkişaf edirdi, hətta dilimizin normativ qrammatika kitabı belə yazılmamışdı. 1950-ci ildə “Pravda” qəzetinin səhifələrində dilçilik problemləri ilə əlaqədar müzakirələr təşkil edildi, bu müzakirələr böyük əks-səda doğurdu. Həmin müzakirələr Azərbaycan dilçiliyinin inkişafına təkan verdi. Elmi-tədqiqat işlərinin miqyası genişləndi, dərinləşdi, müxtəlif səviyyələrdə bir sıra müzakirələr keçirilməyə başlandı. Bu münasibətlə 1952-ci ildə Azərbaycan Yazıçılar İttifaqının keçirdiyi müşavirədə Məmməd Cəfər ”Azərbaycan ədəbi-bədii dilinin bəzi məsələləri haqqında” mövzusunda məruzə etdi. Eyni zamanda elə həmin ildə “Şeirimizin dili və vəzni haqqında” adlı sanballı bir məqaləsi də nəşr olundu.
1976-cı ildə alimin “Dil və müasirlik” adlı sanballı bir məqaləsi işıq üzü görmüşdü. 1985-cı ildə də Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin müşavirəsində Məmməd Cəfər ”Azərbaycan dilinin zənginləşməsi yolları” mövzusunda məruzə etmişdi (bu məruzə elə həmin il “Azərbaycan” jurnalında “Xalqın böyük söz sərvəti” adı ilə məqalə şəklində nəşr edilmişdi-Ə.Q.). Bu problematik elmi məqalə və məruzələr alimin dil məsələləri ilə müntəzəm olaraq məşğul olduğunu göstərir.
Məmməd Cəfər dilimizin nəzəri məsələlərindən bəhs edərkən, hər şeydən əvvəl, xalq və ya ümumxalq dili, milli dil, ədəbi dil, ədəbi-bədii dil, dilin tarixi məfhumları üzərində dayanır. Onun fikrincə, xalq dili, ümumxalq dili çox zəngin, tükənməz bir xəzinədir. Alim bu məsələdə yazıçı və söz ustalarının üzərinə böyük vəzifə, məsuliyyət düşdüyünü birmənalı şəkildə bəyan edir: Yazıçının öz sənətində kamala çatması ilə birlikdə, onun bir-birini təqib edən əsərlərinin dili də mütləq yaxşılaşmalıdır. Bu da heç şübhəsiz, yazıçının ümumxalq dilini, canlı dili, həmçinin yazılı ədəbiyyat dilini, ədəbi dil ənənələrini, ayrı-ayrı klassiklərin dilinin dərindən öyrənilməsi ilə mümkün ola bilər. Yazıçı dilçi-linqvist deyil, lakin o, dil qanunlarını dilçidən yaxşı bilməlidir, çünki dili zənginləşdirmək hamıdan əvvəl yazıçının öhdəsinə düşür.
Alim “Dil və müasirlik” adlı əsərinin bir yerində türkologiyada geniş yayılmış türk dillərinin qrammatik quruluş və lüğət tərkibi baxımından sabit səciyyə daşıması tezisindən çıxış edərək “Azərbaycan dili öz kökündən, sistemindən ayrılmayan dillərdəndir” mülahizəsini irəli sürür və fikrini əsaslandırmaq üçün dilimizin tarixinə aid klassik ədəbiyyat nümunələrindən xeyli misallar verir. O, bunları əslində ucdantutma arxaikləşmiş və ya tamamilə unudulub sıradan çıxmış sözlər adlandırmağı düzgün hesab etmir. Çünki onların mühüm bir qismi dildə unudulub sıradan çıxmayıb, dilin ehtiyat fonduna keçib.
Alim həmçinin dilimizin tarixində ərəb, fars təsirinin mənfi cəhətlərini qeyd etməklə bərabər, bir sıra dilçi alimlərdən fərqli olaraq ərəb, fars dillərinin Azərbaycan dilinə ancaq mənfi təsir göstərdiyini söyləməyin doğru olmadığını da qeyd edir. Bu çox mürəkkəb və ikibaşlı bir prosesin əsas səbəbi yenə tarixi şərait olub.
Yeri gəlmişkən, ötəri də olsa alimin keçən əsrin 30-40-cı illərində Azərbaycan dilçiliyində ərəb-fars söz və ifadələrinin ucdantutma dildən çıxarılıb atılması çağırışlarını alim çox zərərli, elmə zidd bir meyil adlandırdığını qeyd etməliyik. Çünki ərəb-fars sözlərinin dilimizdə işlənmə tarixi çox qədimdir, bu sözlər müəyyən tarixi, mədəni-siyasi əlaqələr nəticəsində əvvəlcə danışıq dilinə, sonra folklora, ən nəhayət, yazılı ədəbiyyata keçib.
Müəllif çox haqlı olaraq ərəb və fars dillərinin yaxşı təsiri ilə yanaşı, bu təsirin zərərli nəticələrini də qeyd edir. Qeyd edir ki, çox çəkmədi ərəb-fars dilinin təsiri təbii təsir rolundan güclü təzyiq roluna keçdi və doğma dilin söz vahidlərinin söz birləşmələri qaydasını çox güclü təzyiqlə sıxışdırmağa başladı, çox vacib olan doğma sözlərimizə görə lüzumsuz olaraq ərəb-fars dillərindən keçən sözlər üstünlük təşkil etdi. Bu müdaxilə də yazı dilini ağırlaşdıran səbəblərin ən əsası oldu və alınma sözlərin azərbaycanlaşmasına böyük əngəl törətdi.
Bütün bunlara baxmayaraq, Azərbaycan dili öz gözəlliyini, həyati qüvvəsini mühafizə edib zənginləşmişsə, bu fakt, bu dilin möhkəm kökə, bünövrəyə malik olduğunu, onun qədimliyini, sabitliyini, məğlubedilməzliyini, hər cür təzyiqə qarşı davamlılığını və çox böyük bir ərazidə qonşu xalqlar arasında da anlaşılıb sevilən, qocaman bir dil olduğunu göstərir.
Ədəbi-bədii dil məsələsi Məmməd Cəfər yaradıcılığında xüsusi yer tutur. Əslində alimin dilçilik düşüncələrinin bir çoxu elə bu fonda formalaşıb. Bildiyimiz kimi, bədii dil uzun müddət ədəbi dilimizin aparıcı üslubu olub. Hətta orta əsrlərdə ədəbi dil dedikdə bədii dil başa düşülüb. Bədii dil bəzi hallarda xalq danışıq dilinə, canlı dilə söykənməsi ilə standart ədəbi dil normalarından kənara çıxır. Məhz buna görə də bəzi dilçilərlə yazıçılarımız arasında bu məsələyə yanaşma baxımından anlaşılmazlıq yaranır. “Yazıçılar və xüsusən dilçilər arasında bir qisim yoldaşlar məktəb qrammatikasını doğma hesab edir, canlı dilə isə ögey münasibət bəsləyirlər. Buna görə də canlı xalq dilinə bağlı olan, lakin ədəbi dil normasına bəzən riayət etməyən yazıçıları mədəniyyətdən geri qalmış adlandırırlar. Əksinə, əsərlərinin dili canlı dildən uzaq, kitab dilinə yaxın olan, cansız, sısqa, ətsiz-qansız dildə yazıb məktəb qrammatikasına həmişə riayət edən, mübtəda ilə xəbəri həmişə yerində işlədənlər onların nəzərində ən yüksək dil mədəniyyətinə sahib yazıçılardır”.
Məmməd Cəfər üçün hamını ədəbi dil normalarına əməl etməyə çağırmaq vacibdir, ancaq quru, rəsmi kitab dilinə çağırmaq məqsədəuyğun deyil. Görkəmli söz ustalarından heç biri yalnız kitab dilinə əsaslanaraq böyük sənət əsəri yarada bilməzdi.
Deyilənlərdən “Yazıçı üçün dilə hakim olmaq mənbəyi ilk növbədə canlı xalq dili xəzinəsidir” nəticəsini çıxaran müəllif bu sahədəki mübahisə doğuran məsələləri şərh etdikdən sonra fikrini belə tamamlayır: ”Şifahi nitq qaydaları, bədii dilin spesifik xüsusiyyətləri işlənib hazırlanmadıqca belə suallar həmişə ortalığa çıxacaq”
Bu məsələdə vaxtilə yazıçı və dilçilər iki cəbhəyə ayrılmışdı. Bədii ədəbiyyatın dilində dialekt sözlərinin işlədilməsi məqbuldur, ya yox? Məmməd Cəfər bir alim-filoloq kimi bu mübahisələri izləyib, məsələyə elmi münasibət bildirib, fikirlərini elmi cəhətdən əsaslandırıb. Bəzən dilçilərin normativlik tələbini irəli sürəndə bədii dilin spesifik xüsusiyyətlərindən sərf-nəzər etdiklərini, dialektlərdən, köhnə lüğətlərdən, arxiv sənədlərindən də söz seçmək, əvəz etmək, müəyyən sözləri yeni mənada işlətməyin ədəbi-bədii dili zənginləşdirən mənbələrdən biri olduğunu nəzərə almadıqlarını tənqid edib.
Alim dünyanın bütün söz ustalarının məhz ləhcə və dialektlərdən münasib sözlər alıb işlətməklə ədəbi-bədii dilin zənginləşməsinə kömək etdiklərini xüsusi qeyd edir. Belə bir axtarış, seçmə, əvəzetmə, sözlərə yeni məna vermə Azərbaycan yazıçısı, alimi üçün xüsusilə vacibdir. Çünki ötən əsrlərdə dilimizə daxil olan bir çox lüzumsuz əcnəbi söz, ifadə, tərkiblər dilimizdəki doğma sözləri sıxışdırıb unutdurub, üstü örtülmüş xəzinə halına salıblar. Bu nöqteyi-nəzərdən Azərbaycan yazıçısının, aliminin lazım olduğu yerdə ləhcə, şivə, dialektlərə müraciət etməsi vacibdir.
Akademik Məmməd Cəfər çox doğru olaraq bu məsələdə ifratçılığın da doğru olmayacağını, ədəbi dilə zərər gətirəcəyini, ona görə də çox ehtiyatlı olmağın vacibliyini də nəzərə çatdırır: ”Bütün bunlarla bərabər, lazım olmadığı halda məhəlli sözlərin işlədilməsi dil ümumiliyinə və normativliyinə ciddi əngəl törədir. Çünki dialektlərdə çoxdan köhnəlib ümum tərəfindən anlaşılmayan sözlər halına düşmüş bəzi söz və tələffüz formalarına rast gəlirik. Onları təzədən ədəbi dilə gətirməyə ehtiyac yoxdur. Belə bir təşəbbüs özü pis mənada məhəlliçilik olardı. Təsadüfi deyildir ki, ötən əsrlərdə bizim nə yazılı, nə də şifahi bədii dilimizdə belə məhəlli sözlərin bircə nümunəsinə də rast gəlmək mümkün deyil”.
Bildiyimiz kimi, Azərbaycan dili zəngin lüğət tərkibinə, söz ehtiyatına malik olan dünya dillərindən biridir. Ümummilli liderimiz Heydər Əliyev respublika yazıçılarının VII qurultayındakı məruzəsində deyib: “Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır”.
Məmməd Cəfərin xalqın böyük sərvəti adlandırdığı dilin lüğət tərkibi ilə bağlı bir sıra köklü nəzəri problemlərin araşdırılması üzərində xüsusi dayanmağı zəruri və vacib hesab etməsi, bu haqda alimlər qarşısında məruzə etməsi, məqalə yazıb çap etdirməsi məsələnin çox aktual olduğunu şərtləndirir.
Məlum olduğu kimi keçən əsrin 70-80-ci illərində ədəbi dilin daxili imkanlarından istifadə edib yeni söz və söz birləşmələri yaratmaq məsələsi mətbuatda geniş müzakirə olunurdu, şair Rəsul Rza başda olmaqla bir sıra sənətkarlar bədii söz və ifadə yaradıcılığına çox meyl edirdilər. Digər mühafizəkar dairələr isə çağ, sayqı, güvən, baxım tipli sözlərdən istifadə edənləri təqlidçilikdə günahlandırır, bunu dili korlamaq, dilə müdaxilə etmək kimi qiymətləndirirdilər.
Alim bu kimi addımları birmənalı şəkildə təqdir edir, dilin xəlqiləşdirilməsi istiqamətində vacib bir iş hesab edirdi.
Məmməd Cəfər ədəbiyyatın dilində özünü göstərən proseslərə münasibət bildirərək açıq və cəsarətli şəkildə iyirminci illərin əvvəllərində ədəbi dildə işlədilməsi məsləhət görülən baxım, çevrə, çağ, yozum, sorğu, sayğı, güvən kimi sözlərin ədəbi dilimizdə artıq çoxdan işləndiyini qeyd edir. Çox yaxşı haldır ki, müəllifin qeyd etdiyi lüğət tərkibindəki milliləşdirmə meyilləri bəzi əyintilərə baxmayaraq sonralar da uğurla davam etdirilib.
Dil elə bir xəzinədir ki, onun hər sözündə - incisində xalq həyatı və mənəviyyatı əks olunur. Dil xalqın tarixi varlığının, keçmişinin, adət-ənənələrinin öyrənilməsində etibarlı mənbə rolu oynayır. Bu baxımdan akademik Məmməd Cəfərov kimi elm xadimlərinin ədəbi irsinin dərindən öyrənilməsi Azərbaycan filoloji fikrinin tədqiqi istiqamətində böyük elmi əhəmiyyətə malikdir.
Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü,
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru