NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində lift təsərrüfatı müasirləşdirilir. Ölkə başçısının bu ilin mart ayında “Çoxmərtəbəli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq sərəncamı bu sahənin maddi-texniki bazasını daha da gücləndirəcək.
Sərəncama müvafiq olaraq muxtar respublikamızda lift təsərrüfatının fəaliyyətinin genişləndirilməsi məqsədilə 449 min manat vəsait ayrılıb. Göstərilən dövlət qayğısı nəticəsində Naxçıvan Şəhər Lift Təmiri və İstismarı İdarəsinin fəaliyyətini daha da yaxşılaşdırıb. İdarənin sahə rəisi Tural Allahverdiyev ayrılan vəsaitin 297 min manatının Naxçıvan şəhərində 6 köhnəlmiş liftin yenisi ilə əvəz olunmasına sərf ediləcəyini bildirib. Bu məqsədlə Türkiyənin “Kağan” firması ilə yeni liftlərin alınması barədə müqavilə bağlanıb. Şəhərimizdəki digər liftlərdə isə əsaslı və cari təmir işləri aparılacaq. Yeni quraşdırılan liftlərin içərisində kamera sistemi olacaq, elektrik kəsintisi zamanı çətinliklər yaşanmayacaq.
Qeyd edək ki, bu gün Naxçıvan şəhərində çoxmərtəbəli binalarda əhaliyə 53 lift vasitəsilə xidmət göstərilir.
Məhəmməd Fərəcov