Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, ali təhsil ocağında “Söz xəzinəmiz -İmadəddin Nəsimi, böyük ədib – Mirzə Cəlil” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub. Müsabiqədə fərqlənənlərin mükafatlandırılması mərasimində çıxış edən universitetin Tədris və Tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tələbə-gəncləri təbrik edib, onları bundan sonrakı müsabiqələrdə daha fəal olmağa çağırıb.
Qeyd edək ki, tələbələr tərəfindən təqdim edilən yaradıcılıq nümunələri müsabiqəyə Naxçıvan Dövlət Universitetinin instaqram səhifəsində yerləşdirilmək üçün təqdim olunub. Ümumilikdə 50-yə yaxın yaradıcı iş qəbul edilib. Dahi şair Nəsimiyə həsr olunan yaradıcılıq işində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Leyla Bağırova qalib olub. Otelçilik ixtisası üzrə II kurs magistr Ülviyyə Əliyeva II, Müalicə işi üzrə Hazırlıq kursunun dinləyicisi Joseph Uwezele Okpamen III, Əczaçılıq üzrə Hazırlıq kursunun tələbəsi Azad Memitanlı, Dünya iqtisadiyyatı ixtisası üzrə Hazırlıq kursunun tələbəsi Richard Emeka həvəsləndirici yerlərə layiq görülüblər.
Mirzə Cəlil yaradıcılığı nümunələri dəyərləndirilərkən Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Fəxriyyə Qədimbəyli qalib seçilib. Həmin ixtisaslar üzrə III kurs tələbəsi Vüsal Nəsirli II, IV kurs tələbəsi Xədicə Kərimova III yer tutub. Tarix müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Günay Hüseynova, İqtisadiyyat ixtisası üzrə II kurs tələbəsi Hüseyn Qurbanov həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblərə diplomlar və pul mükafatı təqdim edilib.
Səadət Əliyeva